"İndiki mərhələdə 2022-ci ildə mənzil bazarında qiymətlərin necə olacağı ilə bağlı proqnoz vermək çətindir. Çünki, hökumətin iqtisadi siyasətində daha çox istehlak qiymətlərinin artımına hesablanmış addımlar müşahidə olunur".
Bunu "Unikal"a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, bu, bazarda inflyasiyanı artırır, neqativ təsirlərlə yadda qalır və manatın məzənnəsi ətrafında müxtəlif məlumatların ortaya çıxmasına təsir göstərir:
"İndiki halda bu səbəblərdən daşınmaz əmlak bazarında dinamikanın hansı xətt üzrə dəyişəcəyini proqnozlaşdırmaq çətindir. Digər tərəfdən, hökumət infrastruktur və şəhərsalma ilə bağlı daha çox işğaldan azad olunmuş ərzilərə diqqət ayırıb. Bu baxımdan ilin birinci rübü başa çatdıqdan sonra, ilin sonu ilə bağlı proqnoz vermək mümkün olacaq. Azərbaycan bazarında proqnoz verilməsi nəzəri cəhətdən mümkün görünmür. Doğrudur, bazar iqtisadiyyatı olsa da, bəzi hallarda bazarda prosesləri tələb və təklif deyil, qəbul olunan qərarlar dəyişir. Eyni zamanda, müxtəlif fond və maliyyə bazarları üzrə indikatorlarımız mövcud deyil. Uzunmüddətli proqnozun verilməsi də doğru yanaşma hesab olunmur".
Ekspert qeyd edib ki, hazırda daşınmaz əmlak bazarında daha çox passiv proseslər müşahidə edilir:
"Alqı-satqı əməliyyatlarında, bazara müracitələrin sayında azalmalar var. Təbii ki, bu azalmalar qarşıdakı 1-2 ay üçün daşınmaz əmlak bazarı üçün müsbət heç nə vəd etmir. Hesab edirəm ki, daşınmaz əmlak bazarında 2021-ci ilin ortalarındakı tendensiyalar davam etsə idi, bu halda qarşıda bizi qiymət artımlarının gözlədiyini demək olardı. Amma indiki halda bunu söyləmək çətindir".
Anar Kəlbiyev