"Regional valyuta bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişəcəyinə gəldikdə, milli valyutamızın kursuna təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir.
"Bu baxımdan Dövlət Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələrinin dəyişməsi ən azı psixoloji faktorlardan hesab olunur. Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır. Nəticə etibarilə, Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".
Anar Kəlbiyev