Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müvafiq şöbələrinin əməkdaşları tərəfindən gün ərzində şəhərin müxtəlif ərazilərində təmizlik və təmir-bərpa işləri görülür, yaşıllıqlara qulluq göstərilir.
"Unikal" xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən görülən işlər hazırda Heydər Əliyev, Ş.İ.Xətai, Nizami Gəncəvi və Atatürk prospektlərini, H.Əliyev, Z.Hacıyev, M.A.Abbaszadə və digər küçələri əhatə edir.
Görülən işlər çərçivəsində küçə və prospektlərdə olan yaşıllıqlara qulluq göstərilir, ağacların dibləri bellənir, qurumuş budaqları kəsilir, yeni ağac və gül kolları əkilir. Qeyd etmək yerinə düşər ki, son 3 ayda Gəncənin müxətlif ərazilərində 8 mindən çox ağac əkilib və bu proses hazırda da davam etdirilir.
Gəncənin küçə işıqlandırılması sisteminə də xüsusi diqqət yetirilir. Məlum olduğu kimi, şəhərdə hazırda bu sahədə yeni layihə icra olunur. Bununla yanaşı, MKTİB-in İşıqlandırma şöbəsinin əməkdaşları tərəfindən, ehtiyac olan yerlərdə işıq dirəkləri yuyulur və rənglənir, istifadə müddəti bitmiş lampalar yeniləri ilə əvəz olunur.
Sökülmüş bardür və tamet daşlarının bərpası, çoxmənzilli yaşayış binalarının fasadlarının təmiri, dayanacaq və köşklərin yuyulması, ünvan lövhələrinin yenilənməsi də görülən işlər sırasındadır.
Gəncənin daha təmiz və abad olması məqsədilə həyata keçirilən bu kimi tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Görülən bütün işlərin əsasında vətəndaşların rahatlığının və rifahının dayandığını bildirən Gəncə Şəhər İcra Haskimiyyəti, sakinlərdən təmizliyə riayət etmələrini, yaşıllıqları qorumalarını xahiş edir.