Dövlət büdcəsi vəsaitlərinin səmərəli istifadə edilməsi və qənaət tədbirlərinin gücləndirilməsi məqsədilə büdcə təşkilatları tərəfindən satın alınmış mal-material və avadanlıqların qiymətlərinə mütəmadi nəzarət edilib, qiymət intizamının təmin olunması istiqamətində tədbirlər görülüb. Bu istiqamətdə aparılan işlərin nəticəsində 2021-ci il ərzində 9 milyon 500 min manatdan çox vəsaitin əsassız xərclənməsinin qarşısı alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, təşkil edilən maliyyə nəzarət tədbirləri zamanı müəssisələrin mühasibatlıq sənədləri təftiş olunub, yol verilmiş nöqsanlar və digər qanun pozuntuları nəticəsində vurulmuş ziyan müəyyənləşdirilərək təqsirli şəxslər tərəfindən dövlət büdcəsinə bərpa edilib.
2021-ci ildə muxtar respublika üzrə, ümumilikdə, 315 min 286 manat məbləğində vəsait bərpa edilərək dövlət büdcəsinə ödənilib. Yerində təşkil olunmuş yoxlamalar zamanı müəssisə və təşkilatlarda əmək intizamına əməl edilməməsi, təyinatdan kənar xərc əməliyyatları, əsassız xərclərə səbəb olan qurğuların istifadəsi və enerjidən israfçılıqla istifadə halları aşkarlanaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib, 71 vəzifəli şəxsə cərimələr tətbiq edilərək, ümumilikdə, 15 min 40 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Anar Kəlbiyev