Bu gün NATO-Rusiya Şurasının toplantısı keçirilib.
"Unikal" xəbər verir ki, iclasdan sonra NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransı keçirib.
O qeyd edib ki, iclas çox da asan keçməyib və çoxsaylı mövzular müzakirə edilib.
"Müzakirələrdə Rusiya və NATO dialoqun bərpasını vurğulayıb. Bizim gələcəkdə daha detallı görüşlərimiz olacaq. NATO təhlükəsizlik məsələləri ilə bağlı konkret müzakirələr aparmaq istəyir. Biz NATO və Rusiya arasında mülki və hərbi kommunikasiya kanalının olmasını, Brüssel və Moskvada büroların fəaliyyətinin bərpasını vacib hesab edirik", - deyə Baş katib vurğulayıb.
NATO-nun Ukraynaya üzvlüyü ilə bağlı Rusiyanın çağırışı barədə danışan Stoltenberq bildirib ki, hər bir ölkənin öz seçimi var.
"Rusiya bütün qonşu ölkələrin ərazi bütövlüyünü və suverenliyini tanıyıb hörmət etməlidir. Biz NATO olaraq siyasi yol tapmaq üçün səylərimizi davam etdirəcəyik. Yenə vurğulayıram: hər bir ölkənin öz yolunu seçmək hüququ var, bu, beynəlxalq sənədlərdə də əks olunub. Yalnız Ukrayna və 30 ölkə Ukraynanın nə zaman üzv olacağına qərar verir. Biz NATO standartlarına uyğunlaşması üçün Ukraynanı dəstəkləmişik”, - Baş katib vurğulayıb.
Y. Stoltenberq qeyd edib ki, Rusiya qoşunları Moldova, Gürcüstan və Ukraynanın razılığı olmadan bu ölkələrin ərazilərindədir: “Bu qüvvələr həmin ölkələr tərəfindən qəbul edilmir. Biz bu gün görüşdə Rusiyanı qoşunlarını bu ölkələrin ərazisindən geri çəkməyə çağırdıq. Rusiya hərbi qüvvələrini bu ölkələrdən geri çəkməli və həmin ölkələrin ərazi bütövlüyünü tanımalıdır”.