"Prezident İlham Əliyevin idarəçilik sistemində sözlə əməlin vəhdəti hər zaman özünü göstərib".

Bunu "Unikal"a açıqlamasında deputat Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, dövlət başçısının ötən gün yerli telekanallara verdiyi müsahibə zamanı dediyi fikirlər  əsas verir ki, yaxın zamanlarda bununla bağı konkret addımlar atılacaq:

"Hər birimizi narahat edən odur ki, ölkə rəhbərinin bu qədər qətiyyətli fikirlərindən və xəbərdarlıqlarından sonra yenə də ayrı-ayrı şəxslər qoyulmuş ümumi xətdən kənara çıxır, bir-iki il özünü normal şəkildə göstərib, sonra sələfləri kimi korrupsiya və rüşvətxorluqla məşğul olurlar. Bu çox məyusedici vəziyyətdir. Təəccüblü odur ki, həmin şəxslər özlərindən əvvəlkilər barədə həyata keçirilən anti-korrupsiya əməliyyatlarından nəticə çıxarmırlar. Elə bilirlər ki, onların törətdiyi əməllər Prezident İlham Əliyevə bəlli deyil. Dövlət başçısı ötən gün söylədi ki, bəzi məlumatları kütləvi informasiya vasitələrindən oxuyur. Bu gün Azərbaycan cəmiyyəti kifayət qədər şəffafdır, ictimai nəzarət həyata keçirilir. Media tərəfindən ciddi faktlar gündəliyə gətirilir, ictimailəşdirilir. Cənab Prezident bundan xəbər tutan kimi dərhal özünün adekvat addımını atır. Bundan da nəticə çıxarmaq istəməyənlər olur. Öz tamahına sahib çıxa bilmirsənsə, ərizəni yaz və gedib başqa işlə məşğul ol. Konkret tapşırıqlar verilib ki, xalqa, dövlətə xidmət etmək lazımdır. Bu xidmətlər təmənnasız olmalıdır. Kimsə xahişlə, güclə, təmənna ilə vəzifəyə qoyulmayıb ki, dövlət, xalq qarşısında xidmət etmək əvəzinə minnət qoysun".

Deputat bildirib ki, Prezidentin etimadını doğrultmaq, xalqa vicdanla xidmət etmək lazımdır:

"Buna əməl etməyənlər varsa, növbəti işdən çıxarılanların və onların haqqında cinayət işlərinin açılmasının şahidi olacayıq. Ona görə də bundan nəticə çıxarmaq lazımdır. Nəticə çıxarmayanlar öz sələfləri kimi ömürlərinin müəyyən hissəsini dəmir barmaqlıqlar arasında keçirməli olacaqlar. Bu il ərzində növbəti kadr və struktur islahatlarının olacağını istisna etmirəm".

Qeyd edək ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində məmurlara sərt xəbərdarlıq edib.

Anar Kəlbiyev