"Dünya bazarında neftin qiyməti bir qədər aşağı düşməyə başlayanda və ya banklarda dollar satışı ilə bağlı müəyyən maneələr, psixoloji məqamlar ortaya çıxanda manatın məzənnəsi məsələsi əsas iqtisadi mövzulardan birinə çevrilir".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Əli Məsimli deyib. Onun sözlərinə görə, Mərkəzi Bank bu istiqamətdə olan mülahizələrə belə cavab verir ki, devalvasiya üçün zəmin yoxdur:
"İnanan-inanır, inanmayanlar isə inanmamaqda davam edir. İnsanlar dollar almağa çalışırlar və dollara tələbat artır. Devalvasiya bir sıra amillərlə şərtlənir. Tədiyyə balansının vəziyyəti, valyuta ehtiyatları, kapital axını, ölkənin xarici ticarət siyasətinin yönümü, aktivlik dərəcəsi və eksport imkanları,psixoloji xarakterli amillər və s."
Deputat bildirib ki, manatın məzənnəsi dünya bazarında neftin qiymətindən və bunun da tədiyyə balansına təsir dərəcəsindən asılıdır:
"Hazırda dünya neft bazarında xam neftin qiyməti 80-90 dollar intervalındadır. Bu ilin yanvar ayının 20-nə olan məlumata görə,“Azeri Light” markalı neftin bir barelinin qiyməti 92 dolların üstündə olub. Sonuncu dəfə Azərbaycan neftinin bir barelinin qiyməti 2014-cü il oktyabrın 9-da həmin səviyyədə olub. Bu da 2022-ci ilin dövlət büdcəsinin əsasına qoyulmuş proqnoz rəqəmindən, yəni, 50 dollardan 1,8 dəfə və ya 42 dollar yüksəkdir. Yüksək neft qiymətlərinin uzunmüddətli olması ehtimalı az olsa da, beynəlxalq maliyyə təşkilatlarının və digər qurumların qənaətinə görə, qeyri-adi heç nə baş varməsə, 2022-ci ildə dünya bazarında neftin ortalama qiyməti bütün variantlarda Azərbaycan büdcəsində nəzərdə tutulan səviyyədən yüksək olacaq. İlboyu 65 və 90 dollar arasında qiymət dəyişkənliyi üçün imkanlar olacaq, lakin təxminən 80 dollarlıq orta qiymət proqnozlaşdırılır. Bu rəqəm neftin qiymətinin Azərbaycan üçün kritik həddin başlanğıcı hesab olunan 40 dollardan 2 dəfə yüksək olduğundan, devalvasiya ehtimalı yoxdur".
Ə.Məsimli xatırladıb ki, 2015-ci ildə baş vermiş iki devalvasiya nəticəsində manat əvvəlcə həmin ilin 21 fevralında 34 faizə yaxın ucuzlaşaraq dollara nisbətdə 0,78 manatdan 1,05 manata, 21 dekabrda isə 48 faizə yaxın ucuzlaşaraq 1,05 manatdan 1,55 manata enib:
"2016-cı ildə manatın məzənnəsi 1,49-1.77 manat intervalında, 2017-cı ildə 1,70-1,92 manat intervalında dəyişib, 2018-ci ildə isə manat 2015-ci ilin 20 fevralına nisbətən 2 dəfə ucuzlaşaraq hazırkı 1,70 manat göstəricisi ətrafında qərarlaşmağa başlayıb. Hazırkı məzənnə siyasəti ilə manatı bundan sonra da uzun illər 1 dollar=1,7 manat səviyyəsində saxlamaq mümkünsüzdür və gec-tez sərbəst üzən məzənnə rejiminə keçiriləcək. Amma məsələ bundadır ki, hazırkı iqtisadi şəraitdə, eləcə də məzənnə siyasətinin davamı kimi manatın sərbəst üzən məzənnəyə keçidinin ilkin şərtləri yoxdur".
Milli Məclisin üzvü qeyd edib ki, hazırda devalvasiya üçün real iqtisadi əsaslar və sərbəst üzən məzənnəyə keçilməsi üçün lazımı şərtlər mövcud olmasa da, çox güman ki, növbəti illərdə istər-istəməz manatın sərbəst üzən məzənnəyə keçməsi ilə bağlı müəyyən qərarların verilməsi gündəmə gələcək:
"Azərbaycanda hazırkı məzənnə siyasətinin məntiqi nəticəsi bundan ibarətdir ki, maliyyə sektoronda durum kritik həddə çatanda, devalvasiyaya gediləcək. Neftin qiyməti 40 dollar ətrafına düşüb, bundan da aşağıya doğru azalmağa meyl götürsə, belə bir aşağı qiymət xeyli müddət davam etsə, onda makroiqtisadi vəziyyət də, tədiyyə balansındakı durum da pisləşəcək və devalvasiya qaçılmaz olacaq. Manatın məzənnəsi ilə bağlı rəsmi qərarı manat üçün hansı risklərin formalaşmasından və onun təzyiq dərəcəsindən asılı olaraq qəbul edilən siyasi qərar əsasında Mərkəzi Bank verir. Kabinetlərdə həll olunan məsələləri isə proqnozlaşdırmaq mümkünsüzdür".
Anar Kəlbiyev