Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.
"Unikal" xəbər verir ki, bununla bağlı “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik edilir.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) 2023-cü il yanvarın 1-dək dayandırılır.
Əvvəl bu müddət 2022-ci il yanvarın 1-dək müəyyən edilmişdi.
Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
Anar Kəlbiyev