Müharibədən sonrakı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın üzərinə böyük məsuliyyət düşür. Postmünaqişə və postmüharibə dövründə bu mövzuda təlimlərin təşkili mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq sahədə ixtisaslaşmış jurnalistlərə böyük ehtiyac duyulur.
"Unikal" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “Müharibədən sonrakı reallıqlar və media” adlı təlimdə deyib.
O vurğulayıb ki, mediamız peşakar davranmalıdır: "Eyni zamanda, media nümayəndələrimiz zəruri məlumatlarla təmin edilməlidir. Jurnalistlərimizin fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmamalıdir. Bu platformanı öz üzərimizə götürəcəyik və bu proses davam etdiriləcək.
Bu platforma həm jurnalistlərin peşəkarlığının artırılmasına, həm də ümumi işimizə fayda verəcək. Təlimlərə xarici mütəxəssislər də cəlb olunacaq. Düşünürəm ki, təlimlərdən sonra yazıların keyfiyyəti daha da yaxşılaşacaq və daha səmərəli olacaq. Eyni zamanda informasiya sərhəd tanımır. Bunun üçün isə xarici dilli jurnalistikanın inkişafına ehtiyac var".