Ov qaydalarını pozan xarici ölkə vətəndaşı cəzalandırılıb.
"Unikal" xəbər verir ki, xarici turistlərin qanunsuz ov etməsi ilə bağlı sosial şəbəkədə yayılan foto və video görüntülər əsasında aparılan araşdırma başa çatıb. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
O qeyd edib ki, araşdırma zamanı ovun Qətər vətəndaşı Nayef EID M.T.AL-THANI tərəfindən ona icazə verilən ovçuluq təsərrüfatının ərazisində deyil, kənarda, Hacıqabul rayonunun Padarçöl ərazisində baş verdiyi, bəzgək və digər çöl quşlarının ovlandığı müəyyən edilib.
“Faktla bağlı qanun pozucusu barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 950 manat məbləğində cərimə tətbiq olunub”.
Xidmət rəisi onu da qeyd edib ki, Azərbaycan Respublikası ərazisində 2021-2022-ci illər üzrə ov mövsümü ərzində ov qaydalarını pozan 37 xarici vətəndaş əməkdaşlarımız tərəfindən cərimələnib.
***10:47
Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə ərəb turistlərin Azərbaycanda "Bəzgək” ovlamalarını əks etdirən kadrlar yayılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülərdən xəbərdardırlar:
“Sosial şəbəkədə yayılan foto və video görüntülərdən xəbərdarıq. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək”.
Murad İbrahimli
***
10:25
Sosial şəbəkələrdə ərəb turistlərin Azərbaycanda "Bəzgək” ovlamalarını əks etdirən kadrlar yayılıb.
"Unikal" xəbər verir ki, kadrların Tovuz rayonu ərazisində lentə alındığı iddia edilib.