Sosial şəbəkədə özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən Mirağa Miriyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
"Unikal" xəbər verir ki, Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən M. Miriyev Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxs 1967-ci il təvəllüdlü Mirağa Miriyev bir neçə nəfəri sosial yardım, sosial ev almaq adı ilə aldadıb. O, iki nəfərdən sosial yardım düzəldəcəyi adı ilə 1600-1700 manat, sosial ev almaq üçün isə 6 nəfərdən 550-40 250 manat məbləğində pul alıb.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsi zamanı özünü təqsirli bilib. Qeyd edib ki, zərərçəkmiş şəxslərdən pul alıb, amma heç birinin işini düzəltmək üçün rəsmi qurumlara müraciət etməyib. Aldığı pulları isə şəxsi ehtiyaclarına xərcləyib.
Zərərçəkmiş şəxslərin ifadələri zamanı məlum olub ki, Mirağa Miriyev bəzi şəxslərə özünü Seyid adı ilə təqdim edib.
İkinci Vətən müharibəsi zamanı Gəncəyə bomba atılması nəticəsində evi dağılan şəxs iş üzrə daha çox zərər çəkib. Belə ki, onun 40 250 manatını dələduzluq yolu ilə alıb. O, Mirağa Miriyevin sosial evlərin verilməsində vasitəçi olduğunu eşidəndə ona pul verib. Amma həmin şəxs bir yox, 5 ev almaq istəyib. Həmçinin həyat yoldaşının pensiya məsələsini də həll etmək üçün 10 min manat pul verib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, Mirağa Miriyev 1994-cü ildə qəsdən adam öldürməyə görə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2008-ci ildə azadlığa çıxdıqdan sonra növbəti dəfə dələduzluğa görə məhkumluq həyatı yaşayıb.