Ucar rayon Qaradağlı kənd sakini Əzizov Nicat Fərhad oğlunun Qaradağlı kənd tam orta məktəbinin 8-ci sinfində təhsil alan qızı Zəhra Əzizovanın sinif yoldaşı Nəzrin Daşdəmirli tərəfindən təzyiq və təhqirlərə məruz qalması, bunun nəticəsində birincinin intihar etməsi barədə Ucar Rayon Təhsil Şöbəsinə şifahi, təhsil nazirinə isə ərizə ilə müraciət edib.

Bu barədə Ucar Rayon Təhsil Şöbəsindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, hər iki müraciət araşdırılıb. Rayon Təhsil Şöbəsinin müdiri və əməkdaşları Qaradağlı kənd tam orta məktəbində olub, baş verənləri yerində araşdırıblar. Məlum olub ki, 8-ci sinifdə təhsil alan Əzizova Zəhra Nicat qızı və Daşdəmirli Nəzrin Hasil qızı eyni sinifdə təhsil alıblar. Son bir neçə aya qədər aralarında heç bir mübahisə və münaqişə olmayıb. Şagirdlərin valideynləri arasında olan münaqişə məktəbdə şagirdlərin də münasibətlərinin pozulmasına gətirib çıxarıb. Bunu müşahidə edən sinfin rəhbəri Gülnar Hüseynova və məktəbin direktoru Səkinə Səfərəliyeva (məktəbdə psixoloq vəzifəsi vakantdır) dəfələrlə hər iki şagirdin ailə üzvü ilə görüşüb, mövcud vəziyyəti onlara izah edib. Ailələr arasında olan münaqişənin məktəbə qədər gəlib çıxması səbəbindən Qaradağlı kənd tam orta məktəbində növbədənkənar Məktəb Pedaqoji Şurası və həmin sinifdə valideyn iclası keçirilib. Rayon Təhsil Şöbəsi tərəfindən hər iki ailəyə övladlarının təhsil aldığı məktəbin dəyişdirilməsi təklifi olunub. (Qaradağlı kənd tam orta məktəbində 8-ci sinif üzrə bir sinif var) Hər iki ailə buna etiraz edib. Hazırda məktəb rəhbərliyi və sinif rəhbəri tərəfindən həmin sinfə nəzarət gücləndirilib.

***

13:01

Ucarın Qaradağlı kənd məktəbində şagirdin intihara cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

"Qeyd edilən faktla bağlı hazırda araşdırma aparılır", - məlumatda bildirilib.

Xatırladaq ki, Ucar rayonunun Qaradağlı kənd məktəbində kənd sakini, 13 yaşlı F.M-nin (qız) sinif yoldaşı L.B (qız) tərəfindən təhqir edilməsi və döyülərək xəsarətlər yetirməsi barədə məlumat yayılıb. Bildirilib ki, bu hadisədən sonra F.M intihara cəhd edib və bilək nahiyəsini kəsib.

***

12:41

Azərbaycanda məktəblərin birində qız şagirdlər arasında ciddi insident baş verib.

"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ucar rayonunun Qaradağlı kənd məktəbində qeydə alınıb.

Belə ki, kənd sakini, 13 yaşlı Z.Ə.-yə (qız) qarşı onun sinif yoldaşı N.D. (qız) tərəfindən müəyyən qanunsuz hərəkətlər edilib. N.D. Z.Ə-ni təhqir edib, döyərək xəsarətlər yetirib. Bundan sonra Z.Ə. intihara cəhd edib. Onun bilək nahiyəsini kəsdiyi bildirilir.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Təhsil Nazirliyindən bildirilib ki, məsələ araşdırılır.