Koronavirus kabusu dünyanın başı üzərini bürüməkdə davam edir. Pandemiya bir çox iri şirkətləri, həmçinin güclü dövlətlərin iqtisadiyyatını iflic vəziyyətinə salıb. Söz yox ki, bu kabus Azərbaycandan da yan keçmədi. Ancaq biz digər ölkələr kimi ciddi zərbə almadıq. Çünki Prezident İlham Əliyevin düşünülmüş siyasi kursu və qabaqlayıcı tədbirləri pandemiyanın ciddi fəsadlarının qarşısını aldı, hətta nəzərdə tutulan layihələrin icrası davam etdirildi. Dövlətimizin başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva pandemiyanın ən qızğın dövründə regionlarda yeni müəssisələrin açılışında və təməlqoyma mərasimlərində iştirak ediblər. Bu gün də həmin ənənə davam etdirilir. Bundan əlavə, Azərbaycan bir sıra mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin təşəbbüskarıdır. Həmin tədbirlər gah videoformatda, gah da ölkəmizin ev sahibliyi ilə keçirilir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısıdır.
Bu fikirləri "Unikal"a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.
Hüquq müdafiəçisi XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi barədə məlumat verərək deyib ki, bu layihə dörd seqmentdən ibarətdir: “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərləri. Dünyanın ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilib. “Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu, ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Bu, eyni zamanda, Azərbaycanın Avropanın enerji təminatında aparıcı ölkələrdən biri olmasından xəbər verir. Dünyanı koronavirus pandemiyası bürüyəndən bəri Məşvərət Şurası videokonfrans formatda keçirilib. Ancaq builki tədbir Azərbaycanın ev sahibliyi ilə Bakıda keçirildi, təbii ki, pandemiya şərtlərinə əməl olunmaqla. Tədbirin mühüm əhəmiyyət kəsb etdiyini nüfuzlu qurumların və yüksək reytinqə malik bir sıra ölkələrin iştirakı da təsdiqləyir. Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksəksəviyyəli nümayəndələrinin Bakıda bir araya gəlmələri ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzundan xəbər verir”, - deyə hüquq müdafiəçisi qeyd edib.
Ç.Qənizadə dövlət başçısının toplantıdakı çıxışının böyük maraq doğurduğunu bildirib. Deyib ki, Prezident İlham Əliyev keçən il iclasın videokonfrans formatında keçirildiyini xatırlatdı. Bu il isə qarşılıqlı əlaqələrin ənənəvi formatı bərpa edildi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, belə format təkcə önümüzdə olan əhəmiyyətli məsələləri həll etmək üçün deyil, eyni zamanda, ikitərəfli və çoxtərəfli təmaslar qurmaq baxımından da yaxşı imkanlar yaradır. Hər ilin fevralında əvvəlki ildə görülmüş işlər ənənəvi olaraq nəzərdən keçirilir və qarşıya qoyulacaq vəzifələr planlaşdırılır.
Hüquq müdafiəçisi deyib ki, XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizini icra edilməsində milli səviyyədə koordinasiyanın köməyi danılmazdır. Dəyəri 33 milyard ABŞ dolları olan bu nəhəng layihənin reallaşdırılmasında enerji şirkətlərinin, tikinti şirkətlərinin, investorların fəal iştirakı xüsusi qeyd edilməlidir. Tədbirdə təmsil olunan həmin şirkətlərin, eləcə də beynəlxalq maliyyə institutlarının töhfəsi çox dəyərlidir. Dövlətimizin başçısı bildirdi ki, Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini verib - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Aparıcı beynəlxalq maliyyə institutları bu layihənin dəyərini və əhəmiyyətini çox yaxşı bildiklərindən onun icrası üçün kredit və maliyyə vəsaiti ayırdılar. Artıq qürurla qeyd edə bilərik ki, bütün nöqteyi-nəzərlərdən mürəkkəb olan bu layihə yüksək səmərəliliklə tamamlanıb. Dövlətimizin başçısı da tədbir iştirakçılarına bu barədə məlumat verdi. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi də artıq tamamlanıb.
XXI sərin ən böyük layihəsinin tamamlanmasında iştirak etmiş beynəlxalq təşkilatlara, həmçinin şirkətlərə minnətdarlıq edən Prezident İlham Əliyev, ilk növbədə, Avropa Komissiyası və Azərbaycanın həmtəşkilatçı, bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynadıqlarını qeyd etdi. Həmçinin diqqətə çatdırıldı ki, Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələr – Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya ilə bir komanda kimi fəaliyyət göstərilib.
Hüquq müdafiəçisi vurğulayıb ki, respublikamızın belə bir nəhəng layihənin təşəbbüskarı olması və mühüm əhəmiyyətli tədbirə ev sahibliyi etməsi Azərbaycanın nəhəng neft-qaz ehtiyatları və bərpaolunan enerji potensialına malik ölkə olmasını bir daha təsdiqləyir.