Cəlilabadda şagirdin məktəbdə ölümü ilə bağlı cinayət işi açılıb.
Bu barədə "Unikal"a rayon prokurorluğundan məlumat verilib.
Fevralın 8-i saat 12 radələrində Cəlilabad rayonu, Qarazəncir kənd sakini, Ocaqlı kənd 1 nömrəli kənd tam orta məktəbin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Hüseyn Zeynalov məktəbin həyətində oynayarkən dirəkdən aşağıya doğru sallanıqlı vəziyyətdə olan 10 kv-luq elektrik məftilə toxunması səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam edir.
*** 14:49
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Ocaqlı kənd orta məktəbində qeydə alınıb.
İlkin məlumata görə, şagirdi məktəbin həyətində elektrik cərayanı vurub. Şagird xəstəxanaya çatdırılsa da, artıq onun öldüyü məlum olub.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.