Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 8 fevral 2022-ci il tarixli Sərəncama əsasən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında 2022-ci il yanvarın 1-dək qeydiyyatda olan 40 min 107 pensiyaçının pensiyasının sığorta hissəsi 3,4 faiz artırılacaq.
"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Muxtar respublikada əmək pensiyalarının indeksləşdirilməsi üçün hər ay orta hesabla 390 min 109 manat, illik isə 4 milyon 681 min 308 manat əlavə vəsait ayrılacaq. Bu artımla bərabər, sığorta prinsipi ilə pensiya alanlara rübdə 50 manat olmaqla, ümumilikdə 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım veriləcək. Qeyd olunan maddi yardımın əmək pensiyaçılarına ödənilməsi üçün muxtar respublika üzrə hər rüb 2 milyon 5 min 350 manat, illik isə 8 milyon 21 min 400 manat əlavə vəsait ayrılacaq.
Bundan əlavə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında 1 yanvar 2022-ci il tarixə fərdi uçot sistemində uçotda olan 182 min 512 sığortaolunanın qeydə alınmış pensiya kapitalı 6,7 faiz indeksləşdiriləcək.
Sərəncama uyğun olaraq yanvar və fevral ayının artımları, həmçinin müvafiq pensiyaçılara veriləcək 2022-ci ilin birinci rübü üzrə maddi yardım fevral ayının ikinci ongünlüyündə pensiyaçıların ödəniş kartlarına köçürüləcək. İndeksasiya və maddi yardımın verilməsi proeaktiv qaydada, yəni vətəndaşların müraciətləri olmadan Fondun yerli qurumları tərəfindən həyata keçiriləcək.