"Mövcud qaydalara əsasən, vətəndaşlarımız öz yığımlarından yalnız pensiya almaq üçün istifadə edirlər".
Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, bir sıra ölkələrdə pensiya kapitalından digər məqsədlər üçün istifadə etmək hüququna malikdirlər:
"Bəzi ölkələrdə yığımların üçdə biri kommunal xidmətləri ödəmək, kredit qaytarmaq və s. istiqamətlər üçün istifadə edilir. Bəzi vətəndaşlarımızın pensiya kapitalı kifayət qədər böyük olur. Məsələn, pensiya yaşına çatmamış 200 min manatdan çox kapital olan vətəndaş həmin puldan yalnız pensiya almaq üçün istifadə edə bilir. Bu baxımdan, təklif edirik ki, vətəndaşa yığdığı pensiya kapitalının bir hissəsinin kommunal xidmət haqqının və ya kredit ödənişi kimi istifadə edilməsi hüququ verilsin. Əgər vətəndaş tələb olunan pensiya kapitalını toplayıbsa, o zaman əlavə vəsaitinin 30 faizinin başqa məqsədlər üçün istifadə etməsi yaxşı olardı.
Yəni, əgər vətəndaşın 60 min manat pensiya kapitalı yığımları varsa, o zaman onun 18 min manatını kredit qaytarmaq, kommunal xidmətlərin pulunu ödəmək üçün istifadə etmək hüququna malik olması məqsədəuyğun olardı. Digər 42 min manat isə birbaşa pensiya ödənişləri üçün istifadə oluna bilər. Bu həm yığımlara marağa artırar, həm də qeyri-rəsmi məşğulluğun leqallaşdırılmasına səbəb ola bilər. Bu hal həmçinin pensiya yığımlarına marağı artıra və vəsaitin daha ünvanlı istifadəsinə imkan yarada bilər".
Anar Kəlbiyev