“Təkliflərimizdən biri vətəndaşlara vaxtından əvvəl pensiyaya çıxmaq hüququnun verilməsidir”.
Bunu “Unikal”a açıqlamasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bir sıra hallarda vətəndaşlar kifayət qədər yüksək əmək haqqısı olan sektorda (məsələn, neft, maliyyə və s.) çalışır və nisbətən böyük pensiya kapitalına malik olur:
“Amma pensiya kapitalından istifadə etmək üçün pensiya yaşının (hazırda kişilər üçün 65, qadınlar üçün 62 il 6 ay) gözləmək məcburiyyətində qalır. Təklifim isə həmin şəxslərə vaxtından əvvəl pensiyaya çıxmaq hüququnun verilməsi və onların öz kapitallarından daha uzun müddət istifadə imkanlarının tanıdılmasıdır. Beynəlxalq praktikada pensiya yaşı tamam olmadan bu hüquqdan istifadə imkanları var. Bəzi ölkələrdə bu hətta pensiya kapitalına bağlanır. Orta pensiya kapitalından çox yığımları olanlar artıq vəsaitini öncədən almaq hüququn malik olurlar və bu zaman extra (artıq) yığılmış vəsait aylar üzrə hesablanmaqla vətəndaşa qaytarılır. Məsələn, ABŞ-da pensiya kapitalı çox olanlar daha tez müraciət edib pensiya alma imkanına malik olurlar”.
Deputat qeyd edib ki, digər metod isə pensiyada olan ayların sayının azaldılması və artırılması ilə bağlıdır:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu məsələ ilə bağlı artıq müzakirələr aparılır. Bu daha çox minimum pensiya kapitalı yığmış vətəndaşlara tətbiq edilə bilər. Mövcud qaydalara əsasən, 144 ay orta pensiya müddəti kimi götürülür. Yəni 12 il x 12 ay = 144 ay. Əgər təklif qəbul olunarsa, o zaman vətəndaş 65 yox, 60 yaşda pensiyaya çıxmaq istəyirsə, 144 deyil, bu halda həmin beş il üçün nəzərdə tutulan 144-ün üzərinə (5x12) 60 ay gələcək. Yığılmış pensiya kapitalı 204 aya bölünəcək. Bu imkan verə bilər ki, vətəndaş 5 il tez, yəni 60 yaşında pensiyaya çıxsın. Amma bu halda yığım 144-ə yox, 204-ə bölünməklə aylıq pensiya məbləği müəyyənləşə bilər”.
Anar Kəlbiyev