“Məlum olduğu kimi, hər il əmək pensiyalarının sığorta və yığım hissələri indeksləşdirilir. İndeksləşdirmə nəticəsində ötən il 01.01.2021-ci il tarixə kimi əmək pensiyası hüququ əldə etmiş şəxslərin pensiyası 11,4 faizlə artıb”.
Bunu “Unikal”a açıqlamasında deputat Əli Məsimli deyib. Onun sözlərinə görə, ötən il pensiyaların artım tempi infliyasiya tempindən çox olmuşdu:
“Builki artım sahəsində vəziyyət isə fərqlidir. Belə ki, əmək pensiyalarının sığorta hissəsi ötənilki orta aylıq nominal əmək haqqının artım tempinə uyğun olaraq 3,4 faiz artırılıb. Pensiyaların orta əmək haqqının tempinə uyğun olaraq builki artımı infliyasiya tempindən xeyli aşağı olduğundan, pensiyaçılara əlavə dəstək tədbiri həyata keçirilib. Belə ki, “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Prezident Sərəncamı ilə əmək haqqının artım tempinə uyğun həmin 3,4 faizlik artımla bərabər, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım da veriləcək. Həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə verilməyə başlayıb. Rəsmi açıqlamalara görə, həmin artımlar ölkə üzrə pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edəcək. Bu artım 300 manatadək pensiya alan şəxslərdə 10%-dək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8%-dək olacaq. Sərəncamla müəyyən edilən indeksləşmə və maddi yardım 2021-ci il üzrə 6,7 faizlik orta infliyasiya dərəcəsini üstələyir”.
Deputat bildirib ki, rəsmi statistikaya görə, ötən il orta illik infliyasiya 6,7 faiz olsa da, ərzaq məhsullarının qiymət artımı 16 faizə yaxın olub:
“Ötən il bir sıra ərzaq məhsullarının qiyməti rəsmi statistikada göstərilən orta göstəricidən çox olub, yəni, 20, 30, 40 faiz və ondan da çox artıb. Dərmənın da qiymətləri xeyli qalxıb. Pensiyaçının aldığı pensiyanın əksər hissəsi minimum tələbatını ödəyən ərzaq məhsullarına və dərmana gedir. Reallıq bundan ibarətdir ki, pensiyaçıların xeyli hissəsinin aldığı pensiya onun minimum səviyyədə qidalanmasına və zəruri dərmanına belə çatmır. Əgər orta pensiyanın 9 faiz artımı fonunda rəsmi statistika əsasında ərzaq infliyasiyası 16 faiz olubsa, deməli, bu artımlar bazardakı qiymət artımına adekvat deyil. Amma pensiyaların orta əmək haqqının tempinə uyğun olaraq cəmi 3,4 faiz artırılması çox simvolik bir şey olduğundan, qiymət artımlarının əmək pensiyaçılarının sosial vəziyyətinə mənfi təsirlərini bir qədər yumşaltmaq məqsədilə bu artımı 6,7 faizlik rəsmi infliyasiya göstəricisinin üstünə qaldırmaq üçün belə bir zəruri addım atılıb.
Pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92%-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək. Bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək. Sözügedən həmin 200 manatlıq maddi yardımın 2023-cü ilin əvvəlindən pensiyaçıların illik pensiyalarının tərkibinə daxil edilməsi nəzərdə tutulub”.
Anar Kəlbiyev