2022-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar ayına nisbətən 112,5 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 105,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 111,1 faiz təşkil edib.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2022-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz olub.
2022-ci ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6 faiz təşkil edib.
Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun, mal və toyuq ətinin, təzə və dondurulmuş balığın, pendirin, kəsmiyin, xamanın, qatılaşdırılmış şəkərli və sterilizə olunmuş üzlü südün, kərə yağının, narın, heyvanın, naringinin, xurmanın, bananın, almanın, armudun, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, kakao tozunun, limonadın, pivənin, arağın, tütün məmulatlarının, ucuzlaşma isə əsasən yumurtanın, portağalın, kələmin, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2022-ci ilin yanvar ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz təşkil edib. Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, televizorların, noutbukların, paltaryuyan maşınların və toz şəklində sintetik yuyuсu vasitələrin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2022-ci ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz təşkil edib. Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma poçt vasitəsilə bağlamaların göndərilməsi haqlarında, paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, tibbi, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.