Bakılı oğlan Cabir İmanov: “Sizdən parodiya etmək üçün icazə almalıyam?”
02:26 21-02-2013
CƏMİYYƏT
Kulis.Az-ın suallarını “Bakılı oğlanlar”ın keçmiş üzvü, “Planet Parni iz Baku” KVN teatrının aktyoru Cabir İmanov cavablandırır.
- Niyə mətbuatda az-az görünürsünüz?
- Təəssüflər olsun ki, çox vaxt jurnalistlər söylədiyim fikirləri başqa cür yazıb. Mənim müsahibəmi oxumaq istəyən insan fikirlərimlə tanış olmaq istəyir, ancaq jurnalistin yazdıqlarını oxuyur.
- Tamaşaçılar gülüşün səviyyəsinin aşağı olmasından tez-tez şikayət edirlər. Türkiyəli Cem Yılmaz öz vətənində də, Azərbaycanda da sevilir. Bizdə insanları Cem Yılmaz səviyyəsində güldürə bilənlər varmı?
- Cem Yılmazı tanımıram, çünki Türkiyə telekanallarını çox nadir hallarda izləyirəm. Ancaq haqqında çox eşitmişəm.
Biz nə etmişiksə, özümüz etmişik. Heç kimdən nümunə götürməmişik. Kiminsə ləhcəsi, danışıq manerası gülməlidirsə, onu göstərmişik. Bu parodiyaya aid olan bir şeydir. Yumorun səviyyəsi haqda isə bir yumorist kimi heç nə deyə bilmərəm. Bu barədə qoy başqaları danışsın. “Planet Parni iz Baku”nun sonuncu konsertinin, sonuncu verilişinin, tamaşasının zəif alınmasını deyənlər ola bilər. Biz belə fikirləri hər zaman dinləməyə hazırıq. Azərbaycanda yumorla insanları güldürənlərin hər birinin öz auditoriyası var. Təbii ki, bizim auditoriya digər auditoriyalardan fərqlənir. Yumorun səviyyəsini həmin auditoriyalar öz kumirinə görə müəyyən edir.
- Space televiziyasında yayımlanan serialdan narazılar çoxdur. Hər halda serial bundan da yaxşı çəkilə bilərdi.
- Tamaşaçı “Planet Parni iz Baku”nun çəkdiyi serialda seriya boyu gülüş gözləyir. Bu serialda biz gücü tək gülüşə verməmişik. Cinayət hadisələri, qadın mərdliyi, sevgi, problemli ailələr və digər məsələlərə də toxunmuşuq. Bəlkə buna görə də tamaşaçı gülüşün az olduğunu görüb, serialı zəif hesab edir. Düşünürəm ki, serial gənc nəsil üçün çox faydalı ola bilər. Əlavə edim ki, bir il bundan əvvəl Azərbaycan televiziya məkanında çox az sayda maraqlı verilişlər vardı. Ancaq cənab prezidentin serialların inkişafına ayırdığı vəsaitdən sonra biz bu gün milli seriallarımızı izləyirik. Bu seriallar Azərbaycanın məhsuludur. Narazı insanlar həmişə var. Onlar heç nə etmirlər. Sadəcə kənarda oturub deyirlər ki, gərək bunu belə edərdin, onu elə edərdin. Gəl, özün elə. Yaxşı-pis bizimdir. Serial çəkən insan öz səhvlərini görür. Səhvlərini görən insan yeni işində əvvəlki səhvlərini təkrarlamayacaq. Məgər, Stiven Spilberq anadan peşəkar doğulub? Mən əminəm ki, beş ildən sonra bizim serialların keyfiyyəti çox artacaq. Məhsul varsa fikir də var. Məsələn, bizim sonuncu konserti bəyənənlər də var, bəyənməyənlər də. Elə zarafatlar var ki, bir insan deyir, çox əladır, bu, bir zərbə idi. Həmin insan başqa zarafatı və ya səhnəciyi bəyənmir. Sonra digər bir insanla görüşürsən. Onun bəyəndiyi zarafatı bu bəyənmir. Və yaxud da əksinə. Zövqlər, fikirlər müxtəlifdir. Bizim serialı bəyənməyənlərin sayına gəldikdə isə küçədə çox gəzirəm, insanlarla ünsiyyətdə oluram. Həmişə olduğu kimi fikirlər müsbətdir. Ola bilər görüşdüyüm insanların 10 faizi desin ki, bəli, bu serial zəif alınıb. Əsas odur ki, yaxşı fikirlər pis fikirlərdən çoxdur.
- Sonuncu konsertinizdə sosial problemlərə çox sərt yanaşmısınız.
- Biz həmişə belə olmuşuq. Həmin səhnələr sərt görünürsə, deməli belə şeylər həqiqətən də bizim yaşadığımız ölkədə var. Bizim kollektiv həmişə sosial problemlərə çox diqqət ayırıb. Biz Azərbaycan vətəndaşı kimi istəyirik ki, göstərdiyimiz problemlər ölkəmizdə olmasın. Təəssüf ki, o səhnələrin əsl qəhrəmanları həyatda hər gün adi insanlarla ünsiyyətdə olan dövlət nümayəndələridir. İstər yol polisi olsun, istər həkim, istər vergi işçisi, istər müəllim və s. O səhnələrin sərtliyi ondan ibarətdir ki, bu gün çox adam nə istəyirsə, onu da edir, bu qədər arxayınçılıq, bu qədər özbaşınalıq, bu qədər qorxusuzluqmu olar? Bütün bunlar insanda hirsdən, sərtlikdən başqa nə yarada bilər? Bunlar hamısı ona görə edilir ki, həmin insanlar özlərini səhnədə görsünlər və nəticə çıxarsınlar. Başa düşürsünüzmü? Axı bu sevimli vətənimizin, millətimizin və dövlətimiz nüfuzuna xələl gətirir.
- “Bakılı oğlanlar”da çıxışınız zamanı Ağasəlim Çıldağı parodiya etmişdiniz.
- Hə, etmişəm (gülür).
- Bəhram da Xalq şairi Qabili parodiya edirdi.
- Tahir də Fikrət Qocanı.
- Qabilin oğlu Bəhramın atasını parodiya etməməsindən gileylənib.
- Doğurdan?
- Hə. Yazıçılar, şairlərlə bağlı səhnələr niyə azalıb? Əvvəllər maraqla qarşılanırdı.
- Sözün açığı, görkəmli şairimiz Qabilin oğlunun belə danışması çox xoş oldu. İnanın, belə sözləri eşitmək mənim üçün sevindiricidir. Son zamanlar ancaq eşidirik ki, sən məni niyə belə parodiya etmisən? Əcəb etmişəm, bu mənim sənətimdir. Parodiya etmişəm də, başqa şey etməmişəm ki? Sizdən parodiya etmək üçün icazə almalıyam? Dünyada Maykl Cekson, Alla Puqaçova parodiya olunur. Onlar yumoru necə başa düşürdülər. Normal parodiya normal cəmiyyətdə normal qəbul olunmalıdır. Bu təhqir deyil, bu sadəcə parodiyadır. Hər bir insanın vərdişləri var və o vərdişləri parodist tutur. Parodiya olunan qəhrəman elə bilir ki, ona heç kim fikir vermir. Parodiya zamanı etdiyi vərdişi görəndə buna ancaq sevinməlidir. Bizimkilər də başlayır, sən niyə belə etdin, sən niyə elə etdin. Görürsünüz, Qabilin oğlu bunu normal qəbul edir. Həqiqətən çox xoş oldu. Biz bu haqda düşünərik, yaxşı təklifdir (gülür).
- Son konsertlərinizdə parodiya etdiyiniz şəxslərdən biri də Bakı Metropoliteninin rəisi Tağı Əhmədovdur.
- Bu parodiyanın qanunudur, biz heç vaxt tanınmayan insanı parodiya edə bilmərik. Heç kim gülməyəcək, çünki parodiya etdiyin insanı tanımırlar. Tağı müəllimi də Metropolitenin rəisi kimi əhalinin nə bilim bir-iki faizi ya tanıyardı, ya tanımazdı. Tağı müəllim Youtube-da yerləşdirilən videolarından sonra özündən asılı olmayaraq məşhurlaşdı. Onun o məşhur müsahibələrinə neçə yüz min adam baxıb. Biz də dərhal bu insanı parodiya etməyə qərar verdik. Çünki artıq onu dövlət məmuru kimi hamı tanıyır. Sizə çox maraqlı bir faktı deyim. Mən ikinci təhsilimi Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində almışam. Oxuduğum dörd il müddətində qrup yoldaşlarımın hamısı ilə yaxın dost olmuşam və bu gün də dostluğumuz davam edir. Tağı müəllimi birinci dəfə parodiya etdikdən sonra qrup yoldaşım məni qucaqlayıb, öpdü ki, Allah canını sağ etsin, atamı çox gözəl parodiya etmisən. Dedim, sənin atan kimdir ki? Mən həqiqətən bilməmişəm. Dedi, necə yəni bilmirsən? Tağı Əhmədovun oğluyam da. Dedim 4 il bir qrupda oxumuşam, bilməmişəm sən Tağı Əhmədovun oğlusan. Amma yenə də normal reaksiyadır. Sivil, tərbiyə görmüş, dünyagörüşü böyük olan insanın reaksiyası başqa cür ola bilməz. Yalnız müsbət olmalıdır.
- Parodiya etməyi özünüz istədiniz?
- Təvazökarlıqdan uzaq da olsa yəqin mənim ifamda yaxşı alındı (gülür).
- Ləhcəsiz danışırsınız. Ancaq səhnədə rahat şəkildə şivə ilə danışırsınız. Daha çox da Qarabağ şivəsində.
- Şuşanın şirin ləhcəsi bizim Azərbaycandakı KVN fəaliyyətimizə çox təsir edib. Biz Bakıda doğulsaq da babalarımız, nənələrimiz Şuşada anadan olub. Lakin biz Azərbaycan dilində ləhcəsiz danışırdıq. Birinci dəfə Şuşaya gedəndə orda eşitdiyimiz ləhcəyə lağ edirdik, gülürdük (gülür). Gedəcək sözü, necə gedəjəy ola bilər? Gedəcəkdi də. Sonuncu dəfə 11 yaşım olanda, 1987-ci ildə Şuşada olmuşam. Böyüdükcə anladıq ki, hər rayonun öz ləhcəsi var. Sonradan özümüz Şuşa ləhcəsində danışmağa başladıq. Şuşa ləhcəsi şirin, qəlbə yatan ləhcədir. Ləhcə ilə Şuşanın özündə gülməli danışan insanlar vardı. Biz onların danışıqlarını tuturduq. Rayonlarda çox az oluram. Ayrı-ayrı insanların danışığında çalışıram ki, həmişə gülməli ləhcəni tutum.
- Polis polkovnik-leytenantısınız. Son serialda da polis rolunu canlandırırsınız. Polisləri parodiya etmək böyük rəislərlə aranızda problem yaratmır? “Bizi parodiya etmə” deyirlərmi?
- Hər kəs öz fikrini bildirir və biz də o fikirləri dinləyirik. Bəli, nə vaxtsa ola bilər ki, dediyim söz onların xoşuna gəlməyib. Amma biz heç vaxt sözümüzdən dönməmişik və heç kimi də təhqir etmək fikrimiz yoxdur. Sadəcə olaraq baş verən hadisələrə yumor prizmasından qiymətimizi veririk. Necə işləmişiksə, elə də işləyəcəyik. Heç vaxt da heç kimdən qorxmamışıq. Heç qorxmağa da dəyməz. Nə varsa onu deyirik. Nə görürüksə, onu göstəririk. Heç kimə şər, böhtan atmırıq. Deyirlər, ən gözəl lətifələr həyatdan götürülənlərdir.
- Həm aktyor, həm də polis kimi iki iş görmək çətinlik yaratmır?
- Çox yaxşı sualdır. 1999-cu ildən, yəni 14 ildir ki, polisdə çalışıram və həmişə çalışmışam rəislərim KVN fəaliyyətimə görə mənə irad tutmasın. Bakı Şəhər Baş Polis İdarəsində bir dəfə beş dəqiqə işə gecikdiyimə görə rəisimlə mübahisə etdim. Mübahisə etdiyimə görə şiddətli töhmət aldım. Rəislər olub ki, KVN yolum onların xoşuna gəlib, rəislər olub ki, onların xoşuna gəlməyib. Biri deyir nə gözəl, rahat get, öz işini gör. Həmişə çalışmışam ki, KVN-nin işləri ilə nahar vaxtı, yaxud işdən sonra məşğul olum. Amma elə rəis olub ki, deyib bu nədi e, ayıbdı. Sənə yaraşmaz, ya oyana get, ya bu yana. Rəislər gəlir, gedir. Çox rəislərim olub, hamısı da mənə müxtəlif cür münasibət bəsləyib. Bəli, mən polisdə işləmək istəyirəm və KVN-i də çox istəyirəm. Bu gün polisdə rəhbər vəzifədə çalışsaydım, fiziki cəhətdən səhnədə işləməyi çatdırmazdım. Rəhbər vəzifə böyük məsuliyyət tələb edir. Hal-hazırda Daxili İşlər Nazirliyinin baş idarələrinin birində baş əməliyyat müvəkkili vəzifəsində çalışıram. Bildiyiniz kimi polis haqqında qanun yaradıcılıqla məşğul olmağa imkan verir. Çəkilişlər, çıxışlar olanda rəsmi şəkildə icazəmi alıb işimi görürəm. Aktyorluğuma görə mənə irad tutmayan rəislərimə minnətdarlığımı bildirirəm (gülür).
- Kişi aktyorların qadın paltarı geyinməsi söz-söhbətlər yaradır. Sizi qadın paltarında görmürük. Kişi aktyorların qadın paltarı geyinməyinə necə baxırsınız?
- Qadın paltarı geyinmək və ya geyinməmək hər bir aktyorun öz seçimidir. Aktyor ona görə aktyordur ki, o, hər bir obrazı canlandıra bilir. Hazırda yaşayan, dünyasını dəyişən aktyorlarımızın arasında da qadın paltarı geyinənlər çox olub. Geyinməyənlər isə geyinənlərdən çoxdur. Elə aktyor var ki, bunu özünə ayıb bilmir. Onun üçün aktyorluq birincidir. Kənardan kim nə desə fikir vermir. Çünki sənətini çox sevir, fikrindən dönmür. Mən buna normal baxıram. Bəli, mən qadın paltarı geyinməyi xoşlamıram. İş qadın paltarı geyinib qadın kimi danışmaqda deyil. Səhnədə qadın obrazını yaşamalısan. Bəlkə də ona görə mən qadın paltarı geyinmirəm. Ümumiyyətlə, qadın kimi danışmaq, hərəkətlər etmək mənim üçün çox çətindir.
- Teatrınızda neçə nəfər çalışır?
- Tahir teatrımızın rəhbəridir. Bəhram, Azər, Emil Abbasov, Kübra xanım və mən teatrın əsas aktyorlarıyıq. Ümumilikdə teatrımızda 60 nəfərdən çox insan çalışır. Kübra xanım son illər səhhətinə görə bizimlə çalışa bilmir. O, hal-hazırda müalicə alır. Onun yolunu səbirsizliklə gözləyirik. O, söz verib ki, bu yaxınlarda mütləq bizimlə yenidən bir səhnədə çalışacaq. Allah Elçinə də qəni-qəni rəhmət eləsin. Onun yeri çox görünür. Biz yaxşı dost idik və onun yeri teatrımızda əvəzolunmazdır. Çünki o həqiqətən də istedadlı idi. Heyf ondan, bizi çox vaxtsız tərk etdi. Gənc aktyorlardan Məcidi qeyd etmək istərdim, çox istedadlı aktyordur. Hansı seriala baxırsan, ordan Məcid çıxır (gülür).
- “Bakılı oğlanlar”dan sonra “Planet Parni iz Baku”da Vado Korovin sizinlə idi. Sonra sizi tərk etdi. Ancaq növbəti illərdə Bəhram, Emil, Azər qayıtdılar.
- İnsan var ki, səhnəsiz yaşaya bilmir. İnsan da var ki, səhnəsiz yaşaya bilir. Bax, kim səhnəsiz yaşaya bilmirsə, onlar qayıdır (gülür). Elə insan da var ki, deyir, yox ey, qurtardı. Yekə kişiyəm, ayıbdı. Hərdən bir mən də düşünürəm ki, 36 yaşım var. Bəlkə, səhnədən gedim. Ancaq hər dəfə Heydər Əliyev adına sarayın səhnəsinə qalxanda yaşayıram. Elə bil hansısa əziz bir yerə gəlmişəm. Oradakı səs-küy, qaçaqaç, dinamika, hazırlıq, məşqlər məni çəkir. Konsertə bir saat qalır, konsert başlayır, bitir. Bütün bunlar mənim həyatımda ayrı bir səhifədir. Mən hər dəfə o saraya girəndə qeyri-adi hislər keçirirəm. Ötən illəri, keçmiş konsertlərimizi yada salıram ki, bu səhnədə kimlərlə çıxış etmişik, kimlər bizi izləyib. Mərhum prezidentimiz Heydər Əliyevin bizim çıxışlara verdiyi böyük qiyməti, dəstəyi qeyd etmək istəyirəm. Bunlar hamısı o saraydan başlayıb. O saraya daxil olanda mən başqa Cabir oluram.
- Ənənəvi aprel konsertləriniz nəzərdə tutulub?
- Bəli, nəzərdə tutulub. Aprelin 26, 27, 28-i Heydər Əliyev adına sarayda “Planet Parni iz Baku” KVN teatrının “Hər gün sirk” adlı yeni solo konserti keçiriləcək. Biletlər fevral ayının 22-dən etibarən satışa çıxarılacaq. Odur ki, tamaşaçılarımızı konsertimizə dəvət edirik.
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27