Xəzər rayon Ağsaqqallar Şurasının Zirə qəsəbəsində rayon ağsaqqalları və bir qrup gənclərlə görüşü keçirilib.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə qəsəbə qəbirstanlığında uyuyan Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, şəhid məzarlarına gül dəstələri düzərək, ruhlarına dualar oxuyublar.
Daha sonra Zirə bələdiyyəsinin inzibati binasında tədbir keçirilib. Tədbirdə Xəzər rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov, Xəzər RİHB-nın Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə
nümayəndəsi Rasim Hüseynov, Zirə Bələdiyyəsinin sədri Anar Hüseynli, Ağsaqqallar Şurasının üzvləri və “Zirə Yardımlaşma” adı altında fəaliyyət göstərən bir qrup gənc iştirak etmişdir.
İlk öncə tədbir iştirakçıları tərəfindən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Xəzər rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov açaraq, şura tərəfindən rayon ərazisində mütəmadi olaraq Ağsaqqallar və gənclərlə görüşlərin keçirilməsinin vacibliyindən söz açmışdır. R.Salahov Ulu öndər Heydər Əliyevin gənc nəsilə göstərdiyi yüksək diqqət və qayğının bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Müzəffər Ali Baş Komandanla rəşadətli Ordumuzun və xalqımızın birliyi sayəsində Vətən müharibəsində möhtəşəm Zəfər qazanıldığını, Vətən müharibəsində igidlik göstərib tarix yazan, möhtəşəm qələbə qazanan mərd övladlarımızın respublikamızda aparılan uğurlu gənclər siyasətinin bariz təcəssümü olduğunu vurğulamışdır.
Daha sonra Xəzər RİHB-nın Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rasim Hüseynov, Zirə qəsəbəsi üzrə ağsaqqallar şurasının sədri Teymur İsmayılov, “Şəhidlər məscidinin” axundu Arif Quliyev və qəsəbə ağsaqqalı Tahir Heydərov çıxış edərək ağsaqqallarla gənclər arasında əlaqələrin yaradılması, gənclərimizin milli vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından tədbirin əhəmiyyətini vurğulamışlar. Ağsaqqalların həmişə cəmiyyətin həyatında mühüm rol oynadıqlarını diqqətə çatdıran natiqlər onların respublikamızın müstəqilliyinin qazanılmasında, ölkəmizin dinamik inkişafında, gənclərimizin əsl vətəndaşlar kimi yetişdirilməsindəki xidmətlərindən danışıblar.
Sonda “Zirə Yardımlaşma” adı altında fəaliyyət göstərən təşkilatın üzvlərindən Pənahlı Cavid Elşən oğlu və Əzimov Coşqun Elxan oğlu Xəzər rayon Ağsaqqallar Şurası tərəfindən Fəxri Fərmanlarla təltif olunublar.