Rusiyanın Amur vilayətində nodulyar dermatit, İtaliyanın Toskana regionunda və ABŞ-ın İndiana ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Rusiyanın Amur vilayətindən bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, həmçinin İtaliyanın Toskana regionundan və ABŞ-ın İndiana ştatından diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi Rusiyadan, İtaliyadan və ABŞ-dan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.