Azərbaycanın kişi sərbəst güləşçilərdən ibarət yığma komandası Bolqarıstanda Dan Kolov - Nikola Petrovun xatirəsinə həsr olunmuş ilin ilk yarışında 8 medal qazanıb.
"Unikal" xəbər verir ki, turnirdə baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında 12 pəhləvan çıxış edib. Medalsız qalan 4 güləşçidən 3-ü zədələndiyi üçün mübarizəni sonadək davam etdirə bilməyib.
Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Turan Bayramov (74 kq) gümüş, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və Rahid Həmidli (125 kq) bürünc medal qazanıb. Abakarov həm də turnirin ən yaxşı sərbəst güləşçisi mükafatına sahib çıxıb.
Bundan başqa, qadın güləşçilərdən Elis Manolova (65 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, Azərbaycan millisi üçün növbəti sınaq 24 - 27 fevralda Türkiyənin İstanbul şəhərində keçiriləcək ilin ilk reytinq turniri olacaq.