“Azərbaycan vətəndaşları Moldova sərhəddindən keçməklə Ukraynanı tərk edə bilərlər”.
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib.
Məlumata görə, dünən 55 Azərbaycan vətəndaşı Ukrayna-Moldova sərhəddindəki 2 nəzarət-buraxılış məntəqəsi vasitəsilə Ukraynanı tərk edib. İndiyədək ümumilikdə, 100-dən çox vətəndaşımız Ukraynanı tərk edib. Bu prosesin davam edəcəyi gözlənilir.
“Ukraynadakı səfirlik və konsulluqla daimi əlaqə saxlayırıq. Azərbaycan vətəndaşları qaynar xətt haqqında məlumatlandırılıblar”, - C.Bayramov deyib.
XİN rəhbərinin sözlərinə görə, bütün vətəndaşlara səfirliklə əlaqə saxlamaq, həmçinin hərbi qüvvələrdən və obyektlərdən uzaq olmaq, evdə və ya təhlükəsiz yerdə qalmaq, səfərlərdən çəkinmək tövsiyə olunur.
C.Bayramov əlavə edib ki, hazırda Ukraynadan Moldovaya keçmiş vətəndaşların Vətənə necə qayıdacağı araşdırılır.