AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən qalmaqallı “Sabah” – “Neftçi” (1:3) oyunu ilə bağlı qərarlar qəbul edib.
"Unikal" həmin qərarları təqdim edir:
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
Oyunun 75-ci dəqiqəsində “Sabah” klubunun futbolçusu Aleksey İsayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.3);
Görüşün 75-ci dəqiqəsində “Sabah” klubunun qapıçısı Səlahət Ağayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşarkən azarkeşlərə qarşı təhqiredici hərəkət etdiyi üçün 3 oyun şərti olmaqla 6 oyun cəzalanır, klub 4800 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.1, 41);
“Sabah” klubunun futbolçusu Zurab Oçiqava həm Eddi İsrafilova qarşı təcavüzkar davranışa, həm də hakimə qarşı təhqiredici hərəkət etməsinə görə 3 oyun şərti olmaqla 6 oyun cəzalanır, klub 6400 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.3, 41.3);
“Sabah” klubunun futbolçusu Amin Seydiyev Eddi İsrafilova qarşı təcavüzkar davranışa görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.3);
“Sabah” klubunun baş məşqçisi Murad Musayev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 61.1);
“Sabah” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);
“Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);
“Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 51.1);