Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, iclası açan komitənin sədri Tahir Rzayev bildirib ki, iclasın gündəliyinə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (birinci oxunuş) daxildir. Qida təhlükəsizliyi problemi bu gün dünyada öz aktuallığını saxlayır və bəşəriyyət üçün bir problem olaraq qalır. Prezident İlham Əliyev tərəfindən 10 fevral 2017-ci ildə imzalanmış Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmana əsasən bu sahədə müvafiq tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişi imzalanıb. Görülən tədbirlərin davamı olaraq bu sahəni tənzimləyən qanun layihəsi hazırlanıb.

Komitə sədri müzakirəyə çıxarılan qanun layihəsinin əhəmiyyətindən söz açaraq bildirib ki, bu sənəd Azərbaycan Respublikasının ərazisində insanların və heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.

İclasda çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” barədə danışıb. O, proqramın həyata keçirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Sonra Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirib ki, layihə beynəlxalq təcrübəyə uyğun hazırlanıb. 9 fəsil, 40 maddədən ibarət olan bu qanun ölkəmizdə ilkin istehsal, istehsal və emal edilən, ölkəmizin ərazisinə idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur.

Qanunda göstərilir ki, yerli qida və yem məhsullarının rəqabət qabiliyyətliliyinin və ixrac potensialının artırılması, onların ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası sahəsində sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması sahələri dövlət tərəfindən tənzimlənir.

Qanun layihəsində qida təhlükəsizliyi sahəsində dövlətin vəzifələri, əsas prinsipləri, istehlakçıların hüquqlarının müdafiəsi və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanması və qəbulu ilə bağlı məsələlər öz əksini tapıb.

Sənəddə, eyni zamanda qida təhlükəsizliyi sahəsində tələblər, o cümlədən qida və yem məhsullarının, xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida maddələrinin, həmçinin zənginləşdirilən qida məhsullarının təhlükəsizliyi və digər bir sıra məqamlara dair tələblər ehtiva olunub. Həmçinin layihədə qida təhlükəsizliyi sahəsində qeydiyyat, təsdiq, sertifikatlaşdırma və izləmə məsələləri, qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinə aid, həmçinin qida subyektlərinin hüquq və vəzifələri kimi məsələləri əhatə edən müddəalar yer alıb.

İclasda kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov, İqtisadiyyat Nazirliyinin (Antiinhisar) Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri İlqar Həsənov, Azərbaycan Sahibkarlar Konfederasiyasını vitse-prezidenti Vüqar Zeynalov, Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev qanun layihəsi barədə fikirlərini söyləyiblər, qeyd və təkliflərini veriblər.

Sonra iclasda deputatlardan Eldar İbrahimov, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Emin Hacıyev, İqbal Məmmədov, Azər Badamov, Müşfiq Cəfərov, Aydın Hüseynov və Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov müzakirə olunan məsələlərlə bağlı çıxış edərək qida məhsullarının təhlükəsizliyi barədə əhalinin maarifləndirilməsinin vacibliyindən, qida təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətindən söz açıblar, fikir və təkliflərini bildiriblər. Komitə iclasında müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İclasın sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

***09:50

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçiriləcək.

"Unikal" xəbər verir ki, iclasda yeni hazırlanan “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi müzakirə olunacaq.