"Ukrayna və Rusiya dövlətləri arasında baş verən müharibə əlbəttə ki, xoşagəlməz bir hadisədir. Artıq olan olub. İndi fikirləşmək lazımdır ki, növbəti addım nə olacaq".
Bunu "Unikal"a açıqlamasında sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, ilk növbədə atəşkəs elan olunmalıdır:
"Müharibəni saxlamaq çətindir, amma atəşkəsin bərpa olunması üçün imkanlar var. Dünən tərəflər arasında danışıqlar oldu, bir neçə gün sonra yenidən görüş keçiriləcək. Bu, yaxşı bir addımdır, çünki mülki əhali üçün atəşkəs çox önəmlidir. Ümumiyyətlə, danışıqlar prosesində nə isə verməlisən ki, digər bir şeyi də qəbul edəsən. O demək deyil ki, tərəflərdən biri nə istəsə, o qəbul olunmalıdır. Atəşkəs olmasa da, ən azından hər hansı humanitar hərəkətlər həyata keçirilməlidir".
Sabiq nazir həmçinin dünya ölkələrinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə də münasibət bildirib:
"Bilirsiniz necə, vaxtilə Azərbaycan-Ermənistan müharibəsi baş verəndə erməni lobbisi Amerika konqresində 907-ci düzəliş qəbul etdirdi. Həmin düzəlişə görə, Amerika höküməti tərəfindən Azərbaycana heç bir yardım göstərilə bilməzdi. Bu da sanksiya kimi bir şey idi.
Ümumiyyətlə, sanksiya tətbiq edən dövlət bunu xalqa əziyyət vermək üçün edir. Belə olan halda xalq da dövlətə qarşı etiraza başlayır. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əsas məqsədi rus xalqını ayağa qaldırmaq və Putin hakimiyyətini devirməkdir".
Murad İbrahimli