Fevralın 28-də Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Elmi Cəmiyyətinin Azərbaycan gömrüyünün yaradılmasının 30 illik yubileyinə həsr olunmuş “Azərbaycan Gömrüyü-30 il” mövzusunda elmi konfransı keçirilib.
"Unikal" xəbər verir ki, konfransda Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri iştirak ediblər.
Konfransın açılışında Akademiyanın rəis müavini Cəmilə Namazova iştirakçıları salamlayaraq Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti və idarə heyətinin yeni tərkibi haqqında tədbir iştirakçılarına məlumat verib.
Daha sonra Akademiyanın rəisi Qulu Novruzov konfransda giriş nitqi ilə çıxış edərək Tələbə Elmi Cəmiyyətinin yeni idarə heyətini təbrik etmiş və konfransın işinə uğurlar arzu edib. Akademiya rəisi Dövlət Gömrük Komitəsinin yaradılmasının 30 illik yubileyi ilə bağlı qəbul olunmuş tədbirlər planına əsasən keçirilən konfransın əhəmiyyətindən bəhs edərək, tələbələrin tədqiqat bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Q.Novruzov Akademiyanın ali təhsil müəssisəsi olaraq əsas funksiyalarından birinin də tələbələrin təhsil aldıqları istiqamətlər üzrə peşəkar tədqiqatçı kimi yetişdirilməsi olduğunu qeyd edib. Akademiya rəisi tələbələrin elmi potensialının üzə çıxarılmasının daim diqqət mərkəzində saxlanıldığını və bu məqsədlə onların Akademiyada keçirilən müxtəlif formatlı elmi tədbirlərə aktiv cəlb olunmasına xüsusi önəm verildiyini də diqqətə çatdırıb.
Daha sonra elmi-praktiki konfransda iştirak edən tələbələrin gömrük xidmətinin tarixi, gömrük orqanlarının iqtisadi tənzimləmə və hüquq mühafizə xidmətləri, eləcə də gömrük xidmətində beynəlxalq əlaqələr istiqamətində müxtəlif mövzularda məruzələri dinlənilib, təqdimatları nümayiş etdirilib.
Sonda konfransda çıxış edən tələbələrin hər birinə sertifikatlar təqdim olunub.