Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
"Unikal" xəbər verir ki, komitənin sədri Tahir Mirkişili iclası açaraq gündəliyə daxil edilən məsələlər barədə məlumat verib.
İlkin olaraq “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihələri təqdim edilib. Diqqətə çatdırılıb ki, hər iki qanun layihələrinə dəyişiklik “Media haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanıb və teleradio yayımı subyektlərinin adıçəkilən qanunla müəyyən edilmiş audiovizual media subyektlərinin təsnifatına uyğunlaşdırılıb. Eyni zamanda qeyd olunub ki, “Dövlət rüsumu haqqında” Qanunun 7-ci maddəsində edilən düzəliş əsasında isə dövlət rüsumunun ödənilməsi ilə bağlı maddə əlavə edilir. Belə ki, 7.2-ci maddəyə əsasən bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulan nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcəkdir.
Bundan əlavə, “Media haqqında” Qanuna uyğunlaşdırılaraq “Dövlət rüsumu haqqında” Qanunun 22-ci maddəsində müvafiq dəyişikliklər edilmişdir. Bu dəyişikliklər bəzi rüsumların məbləğində öz əksini tapmışdır. Müvafiq düzəlişləri nəzərə alaraq “ümumrespublika televiziya yayımı”, “ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi ilə əvəz edilir və dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 5000 manat təsbit olunur. Digər maddələrdə isə hər iki Qanuna təklif olunan dəyişikliklər əsasən dəqiqləşdirmə xarakteri daşıyır. Qanun layihələrində “regional televiziya yayımı”, “ümumrespublika radio yayımı”, “regional radio yayımı”, “abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı”, “abonentlərinin sayı 5000-dən çox olan kabel şəbəkəsi yayımı”, “peyk yayımı” ifadələrinin müvafiq olaraq “regional yerüstü televiziya yayımçısı”, “ümumölkə yerüstü radio yayımçısı”, “regional yerüstü radio yayımçısı”, “sadə platforma operatoru” , “universal platforma operatoru”, “peyk yayımı həyata keçirən platforma yayımçısı” ifadələri ilə əvəz olunması nəzərdə tutulur.
Anar Kəlbiyev