Neftin dünya bazar qiyməti yenidən 7 faiz bahalaşıb. Rusiya Ukrayna müharibəsi fonunda neft bazarında ciddi çaşqınlıq müşahidə olunur.
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, "Brent" markalı neftin bir bareli 112 dollara təklif olunur:
"Bu Azərbaycan neftinin 115 dollardan baha satılacağı anlamına gəlir. Aydındır ki, gündəlik 12 milyon barel neft hasil edən Rusiya istehsalı ilə enerji bazarında qiymətlərə təsir edən dövlətlərdəndir. İnvestorlar genişlənən sanksiyalar fonunda Rusiyanın neft ixracatında dayanmaların olacağından və "qara qızıl" qıtlığının yaranacağından ehtiyatlanırlar. Bu da neftin qiymətinə xüsusi təzyiq yaradır".
Deputat qeyd edib ki, müharibə yalnız qiymətləri artırmır, eyni zamanda neft bazarında "köpüklər" yaradır:
"Bu "köpüklər" isə hər zaman partlaya bilər. Bu isə o deməkdir ki, qiymətlərin kəskin artımı iqtisadi deyil, psixoloji və siyasi faktorlar ilə bağlıdır. Doğrudur, Rusiyaya qarşı sanksiyalar genişlənsə, neft bazarındakı gərginlik hələ bir müddət müşahidə olunacaq. Amma neftin qiyməti müharibənin başlamasına verdiyi reaksiyanı əks olaraq savaşın bitməsinə də verə bilər. Bu halda yenidən neftin qiyməti ucuzlaşa bilər. Bununla belə, mövcud status-kvo neftin qiymətlərinin artmasını şərtləndirir. Amma neft bazarında uzun müddətli dayanıqlıqdan və stabillikdən danışmaq hələlik mümkün deyil".