Qərbin sanksiyalarından sonra rəsmi Moskva bütün vasitələrlə ölkədən valyuta axınının qarşısını almağa çalışır.
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, Moskva birjasının 4-cü gün bağlı qalması Rusiya Mərkəzi Bankının sanksiyaların təsirlərinin azadılması üçün hələlik strategiyasını tam müəyyənləşdirmədiyindən xəbər verir:
"Moskvada birjanın fəaliyyətinin bərpasının rublun rəsmi məzənnəsini daha da ucuzlaşdıracağından və səhm bazarının ciddi silkələnməsinə səbəb olacağından ehtiyatlanırlar. Rəsmi məzənnəyə rəğmən, rublun "qara bazar"da daha dəyərsizləşməsi müşahidə olunur. Belə görsənir ki, müharibə davam edəcəyi halda rubl daha da ucuzlaşacaq. Bu gün “Reuters” agentliyi Rusiya Mərkəzi Bankının xarici valyuta alışına 30 faizlik kommisiya haqqı tətbiq etməsi barədə xəbər yayıb. Agentlik requlatorun banklara bu barədə məktub göndərdiyini bildirib. Bununla, Mərkəzi Bank Rusiyada dollara olan tələbi müəyyən qədər azaltmağa çalışsa da, digər tərəfdən artıq "qara bazar"da rubl xarici valyutalara qarşı daha da ucuzlaşır. Dünəndən isə Rusiyada nağd formada 10 min dollardan artıq valyuta çıxarmaq qadağan edilib. Sanksiyaların güclənəcəyi halda bu rəqəm daha da kiçilə bilər. Görünən odur ki, Rusiya hökuməti indiki halda inzibati metodlar ilə ölkədən valyuta çıxışını minimumlaşdırmağa çalışır".
O qeyd edib ki, Rusiyada müşahidə edilən valyuta qıtlığı və dollara artan tələb fonunda Azərbaycan Mərkəzi Bankının da qabaqlayıcı tədbirlər görməsi vacibdir:
"3 milyard dollara yaxın xarici ticarət dövriyyəmiz olan Rusiyaya illik ixracatımız 800 milyon dollardır. Əvvəlki illərdə fermerlər, eləcə də bir sıra sahibkarlar rubl ilə ödənişlərə üstünlük verirdilər və daha sonra o vəsaitləri dollara konvertasiya edirdilər. Rusiyada dollar qıtlığının dərinləşməsi riskləri yüksək olduğu üçün Azərbaycan Mərkəzi Bankı da requlativ mövqeyindən istifadə edərək ölkədən dollar çıxışının optimallaşdırılmasını daha da tənzimləməlidir. Neftin qiymətinin yüksək olması ölkəyə daha çox dolların daxil olmasına imkan yaratsa da, regiondakı son dəyişikliklər fonunda xarici valyutanın ölkədən axınına imkan verilməməsi daha da aktuallaşıb".
Anar Kəlbiyev