Rusiya ilə Ukrayna arasında baş verən müharibə təkcə bu iki ölkə arasında elan edilən hədəflər uğrunda yox, daha çox yeni geopolitik düzən uğrunda müharibədir.
Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Əli Məsimli deyib. Onun sözlərinə görə, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar miqyasına görə geniş, funksional baxımdan isə çox təsirlidir.
"Rusiyaya tətbiq edilən sanksiyalara dünyanın 50-dən artıq ölkəsi, bir sıra beynəlxalq, regional qurumlar, şirkətlər və s. qoşulub. Həmin sanksiyalar bilavasitə Rusiyaya yönəlsə də, bütövlükdə dünya iqtisadiyyatına, qlobal bazarlara ciddi təsir etməyə başlayıb və getdikcə güclənəcək. Müharibənin və sanksiyaların təsiri ilə neftin, təbii qazın qiymətinin yüksəlməsi Rusiya kimi Azərbaycanın da həmin məhsulların ixracından əldə etdiyi gəlirləri artır. Bununla belə Rusiyanın təminatının yarıdan çoxu xaricdən gəlir. Rusiyaya qarşı Qərb tərəfindən tətbiq edilən sərt sanksiyalar artıq ölkənin bütün iqtisadi sferalarına təsirini göstərir. Əsas problemlər maliyyə, devalvasiya, infliyasiya, hesablaşmalar, təchizat, xüsusən də ən qabaqcıl texnologiyalarla təchizat və digər sahələrdə olacaq".
Deputat onu da qeyd edib ki, Rusiyaya tətbiq edilən ciddi iqtisadi sanksiyalar bu ölkənin milli valyutasını xeyli ucuzlaşdırıb:
"Nəzəri baxımdan rus rublunun ucuzlaşması Rusiya ilə daha çox ticarət əlaqəsi olan ölkələrin milli valyutasına təzyiqi gücləndirəcək. Amma Azərbaycan manatı Rusiya rubluna yox, ABŞ dolları ilə neftə bağlıdır. Manatın məzənnəsi dünya bazarında neftin qiymətinin ölkəmizin tədiyyə balansına təsirindən və həmin təsirlərin müddətindən asılıdır.Neftin qiymətinin hazırki yüksək səviyyəsi şəraitində rublun təzyiqi ilə manatın ucuzlaşması ehtimalı yoxdur. Rublun ucuzlaşması Azərbaycanın Rusiyadan idxal etdiyi maşın, avadanlıq, texnika, tikinti-inşaat məhsullarının daha ucuz qiymətə gəlməsinə, bizim Rusiyaya ixrac etdiyimiz kənd təsərrüfatı məhsullarının qiymətinin isə orada bahalaşmasına səbəb olacaq. Rublun ucuzlaşması davam etsə, həmin ölkə əhalisinin alıcılıq qabiliyyəti aşağı düşəcək və bu, Azərbaycanın həmin ölkə ilə ticarətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, sanksiyalar Rusiyanı beynəlxalq səviyyəli asan hesablaşmalar sistemindən kənarda qoyur. Bu, Azərbaycanla Rusiya arasında mal mübadiləsinin hesablaşmalarının əvvəlki kimi olmasına mənfi təsir edə bilər. Rusiyadan Azərbaycana ixrac olunan məhsulların qiymətinin ucuzlaşması Azərbaycanda istehsal olunan eyni tipli yerli məhsulların rəqabətdə uduzmasına və həmin sahələrin zəifləməsinə gətirib çıxaracaq".
Ə.Məsimli onu da əlavə edib ki, Rusiyanın təchizatının yarıdan çoxu xaricdən aldığı mallar hesabına ödənilir:
"Sanksiyalar bu sahədə problem və məhdudiyyətlər yaradacaq. Bu baxımdan işlər düzgün qurulsa, Rusiyada ehtiyac yaranan məhsulların bir hissəsini Azərbaycanın ixracının artırılması hesabına həll etmək olar. Rusiyanın bir sıra regionlarında təchizat sahəsində problemlər özünü göstərməyə başlayıb. Azərbaycanla Rusiya arasında ticarətə mane olan amillər özünü göstərməsə də, bir sıra hallarda mal təchizatında yaranan fasilələr Rusiyada ticarət sahəsində çalışan həmvətənlərimizin fəaliyyətinə mənfi təsir göstərir. Digər tərəfdən isə infliyasiya gücləndiyindən, alıcılıq qabiliyyəti aşağı düşdüyündən, bu, Rusiyada ticarət sahəsində çalışan soydaşlarımızın gəlirlərinə mənfi təsir edəcək".
Anar Kəlbiyev