Nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması və bunun yalnız onun özünün sağlamlığına az ağır və ya ağır zərərin vurulmasına səbəb olması həmin şəxsin cinayət məsuliyyətinə əsas ola bilməyəcək.
"Unikal" xəbər verir ki, bu, Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.
Eyni zamanda piyadanın (sərnişinin) hərəkət təhlükəsizliyi qaydalarını pozması da əgər bu pozuntu onun özünə münasibətdə CM-nin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 351-ci (Maşınları idarəetmə və istismar qaydalarını pozma) maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuşsa, hadisənin qarşısını almaq imkanında olmayan nəqliyyat vasitəsini idarə edən şəxsin barəsində cinayət təqibini istisna edən hal kimi nəzərdən keçirilməlidir.
Qeyd edək ki, bundan əvvəl qüvvədə olan qərara əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması və bunun yalnız onun özünün sağlamlığına az ağır və ya ağır zərərin vurulmasına səbəb olması, habelə piyadanın (sərnişinin) hərəkət təhlükəsizliyi qaydalarını pozması və bu pozuntunun həmin şəxslərin özlərinin CM-nin 263 və 351-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olması hadisənin qarşısını almaq imkanında olmayan nəqliyyat vasitəsini idarə edən şəxsin barəsində cinayət təqibini istisna edən hal kimi nəzərdən keçirilməli idi.