ABŞ-da fəaliyyət göstərən azərbaycanlı alim Şövqü Bayram oğlu Hüseynov elmi işlərində böyük uğurlara imza atır.
"Unikal" xəbər verir ki, əsasən tibb üzrə tədqiqatlar aparan gənc alim Şövqü Hüseynovun əldə etdiyi elmi nəticələr göstərir ki, gələcəkdə narkotik asılılığının və bəzi neyrodegenerativ xəstəliklərin (şizofreniya, depressiya, alzheymer, parkinson, dağınıq skleroz, autizm və s.) müalicəsi mümkün olacaq.
Ş. Hüseynov bildirib ki, həmmüəllifi olduğu elmi məqaləni “GLIA” jurnalı nəşrə qəbul edib və böyük ehtimalla məqalə bir-iki həftəyə işıq üzü görəcək.
“GLIA” - Ş. Hüseynovun tədqiqat apardığı elm sahəsi (neuroscience - sinir elmləri) üzrə ABŞ-da ilk üçlükdə qərar tutan yüksək impakt faktorlu (yüksək reytinqli) elmi jurnaldır. Məqalənin belə bir nüfuzlu nəşrdə işıq üzü görməsi Azərbaycan üçün qürurvericidir. Çünki hər elm adamı buna nail ola bilmir.
Onun sözlərinə görə, məqalədə əksini tapan elmi-təqiqat işi ən müasir üsullarla aparılıb və çox mühüm nəticələr əldə edilib: “Alınan elmi nəticələr gələcəkdə narkotik asılılığının və bəzi neyrodegenerativ xəstəliklərin müalicəsinə yeni yollar açır. Bu tədqiqatda ən mühüm işi demək olar ki, mən həyata keçirmişəm. Tədqiqat zamanı istifadə etdiyimiz ən müasir üsulları ABŞ-da çalışdığım universitetdə bilən yeganə mütəxəssis mənəm”.
Ş.Hüseynov deyib ki, xeyli maraqlı məqamı üzə çıxara biliblər: “Sən demə, insan beynində akkumulyatorlar, batareyalar var imiş. Məhz həmin akkumulyatorlar, batareyalar yaxşı işləməyəndə beyin funksiyaları pozulur”. Akkumulyator, batareya dedikdə nəyi nəzərdə tutduğunu gənc alim belə izah edib: “Bütün beyin funksiyaları (ali sinir funksiyaları - yaddaş, davranış, düşünmə, qavrama və sair) neyronlarla, yəni sinir hüceyrələri ilə əlaqədardır. Amma o sinir hüceyrələrinin ətrafında atrositlər deyilən hüceyrələr (ulduzvari hüceyrələr) var ki, onlar neyronları və sinapsları (sinirlərarası əlaqə yeri) ana öz balasını qucaqlayan kimi qucaqlayıb qidalandırır, qoruyur, bərpa edir, izolyasiya edir, bir sözlə yaşadır. Ən əsası, onlar üçün akkumulyator və batareya rolunu oynayır. Ehtiyac yarandıqda onlara enerji (ATP) verir. Məhz narkotik istifadəsi zamanı bu “analar” (atrositlər) zədələnir və “ana” öz “balasına” qayğı göstərə bilmədiyi üçün yekunda narkotik asılılığı siniri pozur. Digər sinir xəstəliklərində də bu mexanizm böyük rol oynayır. Biz tədqiqatlarımızda bu mexanizmin dəqiq molekulyar, bioloji və genetik əsaslarını təyin etmişik. Qısası, bizim məqaləmizin həcmi qədər elmi işlə Azərbaycanda 4 nəfər fəlsəfə doktorluğu müdafiə edə bilərdi. İki belə məqalə ilə hətta professor da olmaq mümkündür - həcm baxımından. Məzmun baxımından isə, təəssüf ki, hələlik Azərbaycanda bu səviyyədə elmi tədqiqat aparmaq mümkünsüzdür”.
Ş. Hüseynov hazırda ABŞ-ın Nyu-York Dövlət Universitetində çalışsa da (öz hesabına elmi ezamiyyətdədir), “GLIA” jurnalına təqdim edilmiş məqalənin titul vərəqinə işçisi olduğu AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun və çalışdığı laboratoriyanın da adını qeyd edib. O, A. Qarayev adına Fiziologiya İnstitutunun adının belə bir nüfuzlu jurnalda və belə bir məqalədə çəkilməsindən yalnız qürur duya biləcəyini söyləyib.
İstər Avropanın, istərsə də ABŞ-ın müxtəlif ali məktəblərində və elmi laboratoriyalarında uğurlar qazanan, elmi yaradıcılığı gələcəkdə dünya səhiyyəsini daha da inkişafa aparacaq Şövqü Hüseynovun ailə üzvləri arasında çoxsaylı alimlər olub. Onun mərhum dayılarını (dünya şöhrətli akademik Hətəm Quliyev və məşhur həkim, alim Vidadi Quliyev) və əmisini (tibb elmləri doktoru, professor Tarıverdi Hüseynov) elm ictimaiyyəti yaxşı xatırlayır. Atası Bayram Hüseynov isə tanınmış həkim olub. Təbii ki, bütün bunlar Ş. Hüseynovun böyük uğurlara imza atmasında önəmli rol oynayır.