"Azərsu" ASC Ağdam rayonunun işğaldan azad olunmuş Xıdırlı kəndində içməli su təchizatını bərpa edir.
Bu barədə "Unikal"a qurumdan bildirilib.
Məlumatda deyilir ki, kənd və ətraf ərazilərdə işğaldan əvvəl içməli su təchizatı sistemləri mövcud olmayıb. “Azərsu”yun mütəxəssisləri tədqiqat və qiymətləndirmə işləri aparıb və layihə hazırlayıb. Layihəyə əsasən, ərazidəki obyektlərə içməli suyun subartezian quyusundan verilməsi qərara alınıb.
Layihənin icrasına ötən ilin sonlarında başlanılıb və artıq subartezian quyusunun, 6,5 km uzunluğunda magistral və paylayıcı su xətlərinin tikintisi yekunlaşıb. Suyun optimal idarə olunması məqsədilə magistral su xətlərinin üzərində siyirtmə, hava və suburaxıcı sistemlər quraşdırılıb. Hazırda subartezian quyusunun işə salınması üçün elektrik təchizatı sistemlərinin qurulması işləri görülür.
Bundan əvvəl Ağdam rayonu ərazisində Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin tikintisi layihəsi çərçivəsində 2 km içməli su və 1,3 km tullantı su xətləri çəkilib, su anbarı, nasos stansiyası, infiltriasiya və septik qurğular inşa edilib.
Eyni zamanda Ağdam şəhərini və ətraf kəndləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə 2 kəşfiyyat quyusu qazılıb və hazırda su mənbəyinin yaradılması istiqamətində tədqiqat işləri davam etdirilir.
Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 400-ə qədər obyekt içməli su ilə təmin edilib.
Hazırda Şuşa, Kəlbəcər, Zəngilan şəhərləri və Hadrut qəsəbəsində su xidmət sahələri yaradılıb və fasiləsiz xidmət təşkil olunub.