"Müharibənin sonrakı gedişatı da Qərbin atacağı addımlardan asılı olacaq. Çünki Ukrayna bir dövlət olaraq hərbi gücünə görə Rusiyadan dəfələrlə zəifdir. Amma Qərb ölkələri qətiyyət göstərib ya birbaşa NATO çərçivəsində müdaxilə edərək, ya da birbaşa müdaxilə etmədən, könüllülər adı ilə əsgər və son dərəcə müasir texnikalar yollasa, Ukrayna bu müharibədən qələbə ilə çıxa bilər. Belə olan halda müharibə aylarla davam edəcək. Uzun müddətli müharibəyə də Rusiya hazır deyil. Rusiya düşünürdü ki, uzağı 2-3 günə Kiyevi ələ keçirərək Zelenski hökumətini devirəcək. Onlar bu müddətdə rusmeyilli bir qüvvəni iqtidara gətirib onun əli ilə Krımın ilhaqını, həmçinin Donetsk və Luqanskın müstəqilliyini tanıtdırmaq istəyirdi. Beləcə də Ukrayna problemi Rusiya nəzdində tamailə bitəcəkdi. Amma Rusiyanın bu planları baş tutmadı".
Bunu "Unikal"a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı baş verən Rusiya-Ukrayna münaqişəsinə münasibəti zamanı bildirib.
H.Səhrablı burada Ukraynanın qurban seçildiyini, hədəfin isə Qərbin Rusiyanı böyük bir tələyə salmaq olduğunu qeyd edib: "Rusiya da çox böyük xəta edərək Amerika və İngiltərənin qurduğu oyuna düşdü. Çünki o, tanınmayan respublikaları tanımışdı, Krımı da birbaşa özünə ilhaq etmişdi. Amma bunları edərkən özünü müdafiə edə bilirdi. Onlar xalqların öz müqəddəratını təyin etmək hüququnu əsas gətirərək bunu edirdi. Ona görə ki, həmin bölgələrdəki əhalinin böyük bir qismi ruslar idi. Bu, Rusiyanın Ukrayna ərazisinə müdaxiləsini legitimləşdirməsə də, özünə haqq qazandırırdı. Amma hazırkı işğal siyasətinin, yəni birbaşa Kiyevin hədəf alınması, Xarkov və Odessanın bombalanması, həmçinin Ukraynanın digər sivil şəhərlərinin məhv edilməsi artıq cinayət sayılır və bunun heç bir açıqlaması yoxdur".
Siyasətçi onu da əlavə etdi ki, Amerika Vyetnam müharibəsində öz başına gələn ssenarini hazırda Rusiyaya yaşadır: "Ümumiyyətlə, müharibənin bundan sonrakı taleyi uzanan prosedurda davam edəcək. Bu, yeni bir “Suriya problemi”nə çevrilə bilər. Biz eyni ssenarini Amerikanın Vyetnamdakı müharibəsində görmüşdük. Orada da Amerika ilk başlarda üstün idi. Təbii ki, dünyanın ən güclü dövləti idi. Hər kəs düşünürdü ki, Vyetnam qısa müddətdə işğal ediləcək və Amerika istədiyini alacaq. Lakin ölkə əhalisinin müharibədən imtina etməyərək sona qədər döyüşməsi sayəsində Amerika oradan məğlub şəkildə ayrılmışdı. Eyni ssenarini Rusiya üzərində də görə bilərik. Düşünürəm ki, Qərb də bunu istəyir. Çünki Rusiya son illərdə iqtisadi və digər sahələrdə inkişaf etməsə də, hərbi təcavüz və oxşar məsələlərdə xeyli irəlilədi, eyni zamanda dünyanın təhlükəsizliyi üçün problem yaratdı".
"Düşünürəm ki, bu problemin yaxın vaxtda həll mümkün deyil. Ukrayna öz torpaqlarından əl çəkməyəcək, Rusiya da yaxşı başa düşür ki, Ukrayna təslim olmasa Rusiyanın, eləcə də Putinin öz iqtidarının gələcəyi sual altındadır. Onlar bütün bunları gözə alaraq Ukraynada qalib gəlməyənə qədər savaşı dayandırmayacaqlar. Buna görə də proseslər uzanacaq, bu da da Rusiyanın əleyhinə olacaq. Düzdür, Ukrayna xarabalığa çevriləcək, məhv olacaq, amma Rusiya bir dövlət kimi dava böyük zərbə alacaq", - politoloq qeyd edib.
Ağarza Elçinoğlu