“Şuşa Bəyannaməsinin imzalanması, iki ölkə prezidentinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı, İstanbulda Türk Dövlətləri Təşkilatının sammitinin keçirilməsini qeyd etmək istərdim. Azərbaycan Türkiyə münasibətləri o qədər genişdir ki, saatlarla danışmaq olar”.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, bu gün ölkə liderlərinin iştirakı ilə əldə edilmiş razılaşmaların icrası ilə bağlı müzakirələr aparılıb:
“Məsələn, Şuşa Bəyannaməsi müxtəlif sahələri əhatə edir. Hərbi, texniki, humanitar, diaspor, İKT sahəsində əməkdaşlıq və s. Azad edilmiş ərazilərin bərpasında, infrastruktur layihələrində Türkiyə şirkətləri iştirak edir. Türkiyə şirkətləri tək icraçı deyil, həm də sərmayədar kimi Qarabağa cəlb olunub. Bu istiqamətdə mədən və kənd təsərrüfatı sahəsində Qarabağ bölgəsinə investisiyalardan danışa bilərik. Araz Vadisi və Ağdam Sənaye Zonalarında yaradılan şəraitdən danışdıq. Mən inanıram ki, yaxın vaxtlarda o sənaye zonalarında çox saylı Türkiyə şirkətlərini görəcəyik”.