İqtisadiyyat Nazirliyində BMT-nin Məskunlaşma Proqramının (UN Habitat) icraçı direktoru xanım Maimunah Mohd Şəriflə görüş keçirilib.
Bu barədə "Unikal"a Nazirlikdən məlumat verilib.
İqtisadiyyat nazirinin müavinləri Sevinc Həsənova və Sahib Məmmədovun, həmçinin Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ölkəmizin BMT-nin qurumları ilə səmərəli əməkdaşlığı vurğulanıb, 2030-cu ilədək Azərbaycanın Milli İnkişaf Prioritetləri barədə məlumat verilib, strateji məqsədlərin DİM-lərlə sıx uzlaşdığı və bunun əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd edilib.
Bildirilib ki, 2021-ci il üzrə DİM-lərin nailiyyət indeksində Azərbaycan 165 ölkə arasında 55-ci yerdə qərarlaşıb. Azərbaycan regionda BMT-nin “Dünyamızın transformasiyası: dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı görülmüş işlərin yekunu barədə BMT-yə artıq 3-cü Könüllü Milli Hesabatını təqdim edən ilk ölkədir.
Diqqətə çatdırılıb ki, Azərbaycan ərazilərini işğaldan azad edib və işğal nəticəsində ciddi dağıntıya məruz qalmış ərazilərimizin bərpası və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıdışı üçün şərait yaranıb. Bu ərazilərin yenidənqurulması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verilərək, inventarlaşma, təbii ehtiyatların iqtisadi dövriyyəyə cəlb olunması, biznes mühitinin təşviqi, sənaye zonalarının yaradılması, şəhərsalma və planlaşdırma işləri vurğulanıb, prosesdə UN Habitatın təcrübəsindən istifadə imkanları qeyd edilib.
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimunah Mohd Şərif Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Proqram çərçivəsində müxtəlif ölkələrdə görülən işlər barədə danışıb. Xanım Maimunah Mohd Şərif Azərbaycanda inklüziv, təhlükəsiz, dayanıqlı şəhər inkişafının təşviqi, habelə UN-Habitatla əlaqələrin möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.
Tərəflər “2030 Dayanıqlı İnkişaf Gündəliyi”ndən irəli gələn DİM-lərin milli səviyyədə tətbiqinin genişləndirilməsi, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması, UN Habitatın Yeni Şəhər Gündəliyi barədə müzakirə aparıblar.