Ukraynanın "Vinnitsa" hava limanının Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində bir neçə mülki şəxs və hərbçi həlak olub.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ümumukrayna telemarafonunda Vinnitsa vilayət hərbi administrasiyasının sədri Sergey Borzov məlumat verib.

"Hava limanının həm mülki, həm də hərbi hissələrinə ziyan dəyib. Qüllə və komanda məntəqəsi tamamilə dağılıb. Təəssüf ki, dinc sakinlər və hərbçilər arasında itkilər var. Onların sayını sonra dəqiqləşdirəcəyik, çünki böyük dağıntılar var. Fövqəladə Hallar Dövlət Xidməti dağıntıları təmizləyir", - o deyib.

Borzovun sözlərinə görə, hazırda yanğın lokallaşdırılıb və söndürülüb. Rusiya hərbçilərin hava limanını dəqiq haradan - Qara dənizdən və ya Dnestryanı ərazidən vurduğu hələ məlum deyil.

xxx

17:05

Rusiya Vinnitsaya 8 raket atdı. Aeroport raket zərbələri nəticəsində dağıdılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski təcili video müraciətində bildirib.

"Mən indicə Vinnitsaya raket zərbəsi endirilməsi barədə məlumat aldım... Hava limanı tamamilə dağılıb", - Zelenski bildirib.

Prezident təcili olaraq Ukrayna səmasının bütün Rusiya raketləri, Rusiya döyüş təyyarələri üçün bağlanmasının vacibliyini vurğulayıb: "Raketsiz, aviabombasız humanitar hava zonası yaradın. Biz insanıq və biz insanları qorumaq sizin humanitar borcunuzdur. Və siz bunu edə bilərsiniz. Əgər bunu etməsəniz, özümüzü qoruya bilməyimiz üçün bizə heç olmasa təyyarələr verməsəniz, onda bircə nəticə var: siz də bizim öldürülməyimizi istəyirsiniz. Bu, həm də dünya siyasətçilərinin, Qərb liderlərinin bu gündən və əbədi olaraq məsuliyyətidir".

Ağarza Elçinoğlu