Birjalarda neftin qiyməti son 10 ildə rekord səviyyədə yüksələrək 1 bareli 130 dollara çatıb.
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ABŞ Dövlət Katibinin Rusiya neftindən imtina müzakirələrinin aparıdığı ilə bağlı açıqlamasından sonra neft bazarına psixoloji təzyiqlər güclənib:
"Digər tərəfdən, ABŞ qanunverici orqanı da Rusiyanın yalnız xam neftindən deyil, həmçinin, enerji məhsullarından imtina ilə bağlı araşdırmaların aparıldığını bildirib. Bu arada Qərb ölkələrinin İranı yenidən neft bazarına qaytarmaqla bağlı danışıqlar apardığı bəlli olub. 157 trilyon barel neft ehtiyatları ilə dünyada 4-cü ən böyük rezervlərə malik olan cənub qonşumuz gündəlik 2.4 milyon barel neft hasil edir. Gündəlik 1 milyon barelə yaxın xam neft ixracatı olan İran dünya rezervlərinin 1/10-ə malikdir. Bununla belə, İran gündəlik neft hasilatını qısa zamanda sanksiyalardan əvvəlki səviyyəyə - gündəlik 4.5 milyon barelə çatdırmaq imkanlarına malikdir. Bu isə cənub qonşumuzun daha qısa zamanda qlobal neft bazarına daxil ola biləcəyi anlamına gəlir".
Deputat qeyd edib ki, Qərb daha qısa zamanda Rusiyanın gündəlik 5 milyon barellik neft ixracatını alternativ mənbələr hesabına əvəzləməyə çalışır:
"Bu isə o deməkdir ki, Qərb ölkələri qərarlı olduqları halda Rusiyanın qlobal neft bazarından çəkiləcəyi gün heç də uzaqda deyil. Rəsmi Vaşinqtonun OPEC-ə hasilatın artırılması ilə bağlı açıq mesajlar göndərəcəyi də gözləniləndir. Bununla da Qərbin OPEC vasitəsi ilə Rusiya ixracatına digər alternativ mənbənin əldə edilməsinə və qiymətlərin kəskin artımının qarşısını almağa çalışacağı istisna deyil".