Gəncədə Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə, Müşfiq Cəfərov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yel çərşənbəsinə həsr olunan tədbirdə ilk olaraq Azərbaycan folklorunun ayrılmaz hissəsi olan aşıq musiqisi və qədim zamanlardan Novruz şənliklərinə rəng qatan “Maral” rəqsi təqdim olunub.
Daha sonra Gəncə Rəssamlıq Məktəbi və Uşaq Gənclər İnkişaf Məktəbinin yetirmələrinin əl işlərindən, habelə Gəncə şəhər Tarix-diyarşünaslıq muzeyinin eksponatlarından ibarət sərgiyə baxış keçirilib.
Daha sonra “Xəmsə” zərb alətləri və “Gəncə gönçəlləri” rəqs ansamblarının çıxışları izlənilib.
İştirakçılara milli mətbəx nümunələrimizdən olan Gəncə kətəsi təqdim edilib.
Tədbirdə baharın gəlişini tərənnüm edən, bayram ab-havalı müsiqilər ifa olunub, bayatılar səsləndirilib, Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediasından hissələr təqdim edilib. Kosa, Keçəl və Bahar qızın çıxışları isə tədbirə xüsusi rəng qatıb.
Tədbirin yekununda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov bayram tonqalını alovlandırılblar.
Tədbir bayram tonqalı ətrafında edilən “Yallı” rəqsi və “Azərbaycan” mahnısı ilə yekunlaşıb.