Oğuzda yeni suvarma mövsümünə hazırlıq gedir və dağ çaylarında daş-beton bəndlər qurulur.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Oğuz rayonunda növbəti suvarma mövsümünə hazırlıq işləri davam edir. Rayonun 24 kəndində 10650 hektardan artıq suvarılan torpaq sahələrinə xidmət edən Oğuz Suvarma Sistemləri İdarəsi balansında olan torpaq məcralı kanallarda lildən təmizləmə və kanalların beton üzlüyə alınmasını həyata keçirir. Əkin sahələrinin suvarılması üşün 570 km kanal və arxlardan istifadə olunur ki, həmin kanal və arxların 112 km-i birinci dərəcəli, 460 km isə ikinci dərəcəli arxlardır. Kanal və arxların 90%-i torpaq məcralıdır. Əsas su bənbəyi yağış, qar suları və yeraltı sulardır. Hər il mütamadi olaraq kanal və arxlarda mexanizimlərlə lildən, kol- kosdan təmizləmə işləri aparılır. Su itkisinin qarşısının alınması məqsədi ilə rayonda kanalların betonlaşdırılması işlərinə start verilib. 2021-ci ildə idarə ümumilikdə 64 kanal və 3 kollektorda 306 km hissədə lildən təmizləmə işləri görüb.
Oğuz Suvarma Sistemləri İdarəsi balansında olan əkin sahələrinin suvarılması ilə yanaşı rayon ərazisində yerləşən yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsini təşkil edir. Çay məcralarının təmizlənməsi istiqaməti üzrə Xal Xal çay, Türyan çay, Oğuz çay, Daşağıl çay və Qala çay sistemlərində mexanizimlərlə təmizlənmə işləri aparılıb. Bundan Qala çay sisteminin sağ və sol sahilində 120 kubmetr qabion bəndi qurulub və mövcud daş beton bəndlərin 4-də təmir bərpa işləri aparılıb. Hazırda idarənin texnikaları Qala Çay sistemində bu işlərə cəlb olunub.
Onu da qeyd edək ki, Oğuz rayonunda əsasən taxılçılıq, tütünçülük, bağçılıq və meyvəçilik bağlarının əkini üstünlük təşkil edir. Ötən il əkilmiş 4256 hektar ərazidə taxıl sahəsi, 173 hektar ərazidə tütün, 315 hektar ərazidə qarğıdalı bitkiləri 3885 hektar ərazidə çoxilliklər fındıq, qoz, meyvə və yonca bağları ümumilikdə 3 dəfə suvarılıb.