Niyazi Bayramov vətəndaşlarla növbəti səyyar görüş keçirib.
"Unikal" xəbər verir ki, Gəncə şəhər 15 nömrəli tam orta məktəbdə baş tutan səyyar görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Millət vəkili Naqif Həmzəyev, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüşdən əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və rəsmilər, 15 nömrəli tam orta məktəbin şəhid məzunlarının xatirə lövhəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Daha sonra Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər səsləndirilib. Müraciətlər arasında su və çirkab su xətlərinin çəkilişi, bir sıra küçə və döngələrin asfaltlanması, küçə işıqlandırılması sisteminin qurulması, işlə təminat, əlilliyin müəyyən edilməsi və sair məsələlər üstünlük təşkil edib.
Görüşdə sakinlərin diqqətinə çatdırılıb ki, hazırda Gəncədə küçə işıqlandırılması ilə bağlı yeni layihə həyata keçirlir. Layihə çərçivəsində mərhələli şəkildə şəhərin bütün küçələrində yeni işıq dirəklərinin quraşdırılması, bir çox ərazidə isə mövcud işıq dirəklərinin təmiri və yenilənməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, Gəncə şəhərində “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi icra olunur. Gəncə küçələrinin və qəsəbədaxili yolların asfaltlanması, şəhərin su və çirkab su sisteminin yenidən qurulması məqsədi ilə həyata keçirilən sözügedən layihəyə paralel şəkildə aparılır. Eyni zamanda, əlilliyin müəyyən edilməsi üçün sakinlərə qeydiyyatda olduğu ərazi üzrə Ailə Sağlamlıq Mərkəzinə müraciət etmələri tövsiyə olunub.
Görüş zamanı səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərləri isə araşdırılaraq qanunamüvafiq formada həll üçün tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər bundan sonra da mütəmadi olaraq keçiriləcək.