"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri daim atəş açırlar və orada stabilliyi pozmağa çalışırlar. Bununla da belə bir fikir yaradırlar ki, guya, bu məsələ həll olunmayıb".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. Komitə sədri bəyan edib ki, bu məsələ həll olunub:
"Yenidən bunu qızışdırıb belə bir təsəvvür yaratmağa çalışırlar ki, bu məsələ həll olunmalıdır. Bunu bir daha gündəmə gətirmək və manipulyasiya etmək mənasız vaxt itkisidir. Ermənilər bunu anlamalı və başa düşməlidirlər. Orada müyyən revanşist qüvvələr də var. Onlar da vəziyyətdən istifadə edirlər. Amma bir məsələni yaddan çıxarmasınlar ki, məsələ artıq həll olunub və hazırda Ermənistan sülh müqaviləsini imzalamaqda konkret iradə göstərməli, demarkasiya, delimitasiyanın həlli ilə məşğul olmalı, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Əks halda "Dəmir yumruq" qüvvədədir və lazım olan vaxt atəş açan qanunsuz erməni birləşmələrinin başına dəyəcək. Bunu nə qədər tez dərk etsələr, onların xeyirlərinə olar".
Rusiya sülhməramlılarının fəaliyyətinə gəlincə, Z.Əsgərov bildirib ki, onlar 10 noyabr 2020-ci il bəyanatına görə orada fəaliyyət göstərirlər:
"Doğrudur, deyə bilmərəm ki, onlarına fəaliyyətindən çox razıyıq. Amma sülhməramlıların fəaliyyəti bəyanatla tənzimlənir".
Anar Kəlbiyev