Bu gün Azərbaycan Dillər Universitetində “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının təqdimatı keçirilib.
"Unikal" xəbər verir ki, ADU-nun Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadə tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb, çap olunan kitab haqqında qonaqlara qısa məlumat verib.
ADU-nun rektoru, akademik, kitabın ideya müəllifi və elmi redaktoru Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabı öz əhəmiyyəti və aktuallığı ilə seçilir. Kitabda müasir dünyanın multikultural dəyərləri, Azərbaycanın mədəni müxtəlifliyi “Azərbaycançılıq” ideologiyasının formalaşması, xalqların mədəniyyət, dil, inanc, ədəbi-bədii və fəlsəfi düşüncələrində öz əksini tapır:
“Təqdim olunan kitab həm Azərbaycan, həm də dünyada “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” mövzusunda ərsəyə gəlmiş ilk kitabdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabından sonra “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik” qaynaqları kitabının nəşri mədəniyyətimizin və təfəkkür tərzimizin multikulturalizm aspektindən bir-birini izləməsinə şərait yaradır.”
Azərbaycan multikulturalizm modelinin əhəmiyyətindən danışan rektor bir sıra mövzular ətrafında dərin elmi-fəlsəfi araşdırmaların aparıldığını söyləyib: “Biz qalib xalq kimi, həm də qalib ölkənin necə bir mədəniyyətə sahib olduğunu bütün dünyaya göstərməliyik. Bu bizim bütün sahələrdə gördüyümüz işlərdə öz əksini tapmalıdır. Prezident İlham Əliyevin söylədiyi kimi, multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir. Dövlət siyasətimizin bir istiqaməti olan bu hərəkatı, prosesi bütün dünyaya çatdırmalıyıq. Hamı bilməlidir ki, Azərbaycan xalqı mənəvi cəhətdən necə zəngin bir xalqdır, multikultural əhval-ruhiyyə onun canında və qanında necə yaşayır və Ulu Öndərimizin əsasını qoyduğu multikulturalizm hərəkatı bu gün də Azərbaycanda müxtəlif nəsilləri, zümrələri, konfessiyaları, milli icmaları özündə birləşdirir. Ulu Öndərimizin dediyi kimi: Azərbaycanda yaşayan bütün xalqların gücü bütövlükdə Azərbaycanın gücünə çevrilir”, – deyən Kamal Abdulla qeyd edib ki, Azərbaycan multikulturalizmi fənni bir neçə Avropa ölkəsində və Şərq ölkələrində tədris olunur.”
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir, həyat tərzidir. Onun sözlərinə görə, Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir.
“Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlu davamının nəticəsidir. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, eləcə də Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək bizim əsas məqsədimizdir”-deyə, R.Həsənov vurğulayıb.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun direktoru, fəlsəfə elmləri doktoru, kitabın həmmüəllifi İlham Məmmədzadə kitabın ideya müəllifi, akademik Kamal Abdullaya və digər həmmüəlliflərə öz təşəkkürünü bildirib. Qeyd olunub ki, kitab uzun müddət aparılan elmi-fəlsəfi araşdırmaların, böyük bir zəhmətin məhsuludur: “Bu kitabda hər kəs öz bilik və bacarığını ortaya qoyub. Kitab nəfis tərtibatla, geniş elmi araşdırmalarla, müxtəlif dövrlərin elmi-fəlsəfi mənzərələrini aydın və səlis formada əks olunması ilə fərqlənir. Tolerantlıq, şübhəsiz, multikulturalizmlə, mədəniyyətlərarası qarşılıqlı əlaqələr proseslərində iştirak etmək zərurəti ilə bağlıdır.”
Azərbaycan İlahiyyat İnstitunun rektoru, İlahiyyat üzrə fəlsəfə doktoru, kitabın həmmüəllifi Aqil Şirinov kitabla bağlı təəssüratlarını bölüşüb: “Bu gün Azərbaycan bütün dünyaya öz haqq səsini, haqq savaşını layiqincə göstərə bildi. Azərbaycan multikulturalizmi bütün dünya xalqları və ölkələri üçün yaxşı bir nümunədir. Hesab edirəm ki, kitabda həm elmi, həm fəlsəfi, həm də dini müstəvi aparılan araşdırmalar öz aktuallığı və əhəmiyyəti ilə xüsusi önəm kəsb edir. Qədim dövrlərdən etibarən bu günümüzə qədər olan dövrdə yaşayan filosofların, elm adamlarının həyat və yaradıcılığı müfəssəl şəkildə əks olunub.”
Fəlsəfə elmləri doktoru, kitabın həmmüəllifi Sakit Hüseynov kitabın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürün bildirib, atılan addımların vacibliyindən söhbət açıb. Qeyd olunub ki, kitab multikultural dəyərlərin aşılanmasında, birgəyaşayışın, sülhün müasir dünyada xalqların rifah halının yaxşılaşması yönündə bir sıra məsələləri özündə ehtiva edir.
Kitabın həmmüəllifləri Əhməd Qəşəmoğlu, Əli Fərhadov və Rəşad İlyasov kitabla bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, kitab Azərbaycan multikulturalizmi üçün böyük töhfə hesab olunur.
Tədbir müzakirələrlə davam edib.