Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqelərini atıcı silahlardan atəşə tutur. Onlar yenidən gərginliyi artırmaq istəyirlər.
Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bununla bağlı "Unikal"a bildirib ki, ermənilər açıq şəkildə təxribata əl atırlar. Sabiq nazir qeyd edib ki, qarşı tərəf bu addımları ilə nəyəsə nail olmaq istəyir:
"Onlar başa düşməlidirlər ki, indi Rusiyanın imkanları xeyli azalıb. Sülhməramlıların bu ərazilərdə fiziki baxımdan qalması Rusiya üçün həm texniki, həm də maliyyə cəhətdən çətin ola bilər. Bu missiyanın ya dayandırılması, ya da sayının azaldılması gözlənilən məsələdir. Ermənilər bundan ehtiyat edərək gərginliyi artırmaq niyyətindədirlər".
Onun sözlərinə görə, Rusiyada olan böhran ona gətirib çıxaracaq ki, Ermənistan qərbyönlü siyasət həyata keçirsin:
"Onlar çalışırlar ki, imkan dairəsində Qarabağ mövzusundan uzaqlaşsınlar. Ermənistan tərəfi başa düşür ki, Rusiya zəifləyir, Qərbin bu bölgəyə gəlməsi isə vaxt aparacaq. Bu baxımdan, Ermənistan “baxımsızlıq” zonası olacaq. Onlar bu məsələdən narahatdırlar və özlərini sığortalamaq üçün istəyirlər danışıqları siyasi baxımdan daha ciddi şəkildə aparıb hansısa nəticələrə nail ola bilsinlər".
Anar Kəlbiyev