"Hesab edirəm ki, bu məsələ ilk günlərdə olduğu kimi deyil. Qərb öz mövqeyini açıq bəyan edib ki, öz qoşunları ilə müdaxilə etməyəcək".
Bunu "Unikal"a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya-Ukrayna münaqişəsinin Üçüncü Dünya Müharibəsinin başlamasına səbəb ola bilərmi sualına cavabında deyib.
Eks-nazir bildirib ki, ayrı-ayrı ölkələr Ukraynaya hərbi köməkliyi artıracaqlar:
"Artıq bu proses başlayıb və daha da genişlənəcək. Hərbi əməliyyatlar onu göstərdi ki, Ukrayna ordusu və xalqı heç də təslim olmaq niyyətində deyillər. Onlar bildirib ki, təslim olmayacaqlar. Bu siyasi iradə mövcuddursa, demək kömək də olacaq".
Müharibənin gedişində Rusiyanın nüvə silahından istifadə etməsi ehtimalına gəlincə, T.Zülfüqarov buna inanmadığını qeyd edib.
"Belə ehtimallar var idi ki, guya, taktiki nüvə silahı istifadə oluna bilər. Bu məsələdə soyuq müharibədə olan davranış qaydalarını yada salaq. Buna bənzər böhranlar olub. Fövqəldövlətlər bir-biri ilə birbaşa toqquşmaya girmirdilər. Qarşıdurma olur, bu o demək deyil ki, bir-birinə qarşı belə silahlardan istifadə edəcəklər".
Anar Kəlbiyev