Bu gün Avropa İttifaqı Rusiya hökumətinin cinayətkar fəaliyyətində və Ukraynaya qarşı aparılan müharibədə iştirak edən Rusiya Federasiyasındakı şəxslərə və qurumlara qarşı məhdudlaşdırıcı tədbirləri sərtləşdirən yeni, dördüncü sanksiyalar paketini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Şurasının saytında məlumat dərc olunub.
“Aİ-nin dövlət və hökumət başçılarının martın 10-11-də keçirilən qeyri-rəsmi görüşündən sonra bu gün Aİ Şurası Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü ilə əlaqədar dördüncü iqtisadi və fərdi sanksiyalar paketinin tətbiqi barədə qərar qəbul edib”, - məlumatda deyilir.
Xüsusilə, Aİ Şurasının yeni qərarı Rusiyanın bəzi dövlət müəssisələri üçün bütün maliyyə əməliyyatlarına qadağa qoyulmasını, habelə hər hansı kredit reytinqi xidmətlərinə çıxışın və ya kredit reytinqi xidmətlərinin alınması üçün hər hansı abunəliyə qadağa qoyulmasını nəzərdə tutur.
Bundan əlavə, Aİ Şurası Ukraynadakı vəziyyətlə bağlı Kremlin povestlərini təbliğ edən əsas oliqarxlara, lobbiçilərə və təbliğatçılara, habelə hərbi, aviasiya, ikili təyinatlı, gəmiqayırma və mühəndislik sektorlarında fəaliyyət göstərən əsas şirkətlərə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.
Gülayə Mecid