Novruz bayramının qeyd edildiyi günlərdə Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə müvafiq dəyişikliklər ediləcək.
“Bakı Metropoliteni” QSC-dən "Unikal"a verilən məlumata görə, mart ayının 19-dan 22-dək şəhər mərkəzinə, bayram gəzintisi məkanları və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli nəzərdə tutulub.
Sərnişin axını və sıxlığı nəzərə alınmaqla, bayram günlərində qatarların optimal hərəkət qrafikinə xüsusi diqqət yetiriləcək. Bu məqsədlə “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar saxlanılaraq, zərurət yaranacağı təqdirdə xəttə çıxarılacaq.
“Bakı Metropoliteni” QSC sərnişinlərinə müraciət edərək, bayram günlərinin xoş ovqat şəraitində keçirilməsi və fəsadların yaşanmaması üçün neqativ hallara yol verilməməsini rica edir. Unutmayaq ki, hər bir sərnişinin mənzil başına rahat və təhlükəsiz çatdırılması metropolitendən istifadə qaydalarına, ictimai asayişin və metodiki göstərişlərin müvafiq tələblərinə, sanitar-gigiyenik normalara ciddi riayət edilməsindən asılıdır.
Onu da əlavə edək ki, mart ayının 19-20-də metropolitenin “İçərişəhər” stansiyasında sərnişinlərə Novruz bayramına həsr edilmiş zəngin şou-proqram təqdim ediləcək. Bundan əlavə, iki gün ərzində 4 stansiyada konsert proqramı təşkil olunacaq. Mart ayının 19-22-də “İçərişəhər” stansiyasında retro vaqonlardan ibarət qatar nümayiş etdiriləcək.