"Qəbələ"ni Ermənistana aparmaq mifi
02:29 05-04-2012
İQTİSADİYYAT
"Qəbələ"ni Ermənistana aparmaq mifi
Bu sadəcə mümkünsüzdür
Rusiya xarıcı işlər nazirinin Azərbaycana səfəri o qədər də uğurlu olmadı. Ən azı, ona görə ki, Qəbələ RLS ilə bağlı yaranan problem həllini tapmadı. Bununla bağlı açıqlama verən Lavrov yalnız məsələnin tez həll olunmasının vacibliyini bildirdi.
Bu isə təsdiqləyir ki, problemdə irəliləyiş olmayıb. Bunu da xatırladaq ki, Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsi üçün Azərbaycan 300 milyon, Rusiya isə 15 milyon dollar təklif edir. Rusiya tərəfi isə dəfələrlə bəyan edib ki, bu məbəlği ödəyə bilməyəcək.
Bunlar isə sübut edir ki, Azərbaycanın bu məsələdə ciddi strateji maraqları var və bu səbəbdən məsələnin həllinin uzadılmasında maraqlıdır.
Ekspertlər hesab edirlər ki, Azərbaycan bu məsələni həm də ona görə ləngidir ki, İran olaylarının hansı formada inkişaf etdiyini diqqətdə saxlasın.
Bununla yanaşı aydın olur ki, hazırda Qəbələ RLS-ni icarəyə götürmək istəyən Türkiyə və İsrail kimi dövlətlər də var və bu dövlətlər real olaraq masa arxasında əyləşərlərsə, Rusiya çıxılmaz duruma düşəcək.
Bu arada başqa bir maraqlı təklif gündəmə gəlib. Ermənistan Rusiyaya radiolokasiya stansiyası (RLS) tikmək üçün öz ərazisində yer verməyə hazırdır. Bu barədə Ermənistanın baş nazir Tiqran Sərksiyan açıqlama verib.
"Əgər Rusiya Qəbələ RLS-lə bağlı icarə şərtlərini razılaşdıra bilməsə, Ermənistan bu tikintini öz ərazisində aparılmasına icazə verə bilərmi?" sualına baş nazir "niyə də yox?" cavabını verib.
"Əlbəttə, bu mümkündür. Əgər bizim ərazimiz belə bir maraq doğurarsa, bu məsələni müzakirə etməyə hazırıq. Fikrimcə, Ermənistanın dağlıq ərazidə yerləşməsi RLS-in müşahdə imkanlarını daha da artıra bilər",-deyə Sərkisyan vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla olan görüşü barədə danışan baş nazir bildirib ki, bu sırada "Metsamor" AES-in yeni blokunun tikintisi barədə müzakirələr aparıb.
Ermənistanın baş naziri qeyd edib ki, Moskva ilə siyasi müttəfiqdirlər və İrəvan atdığı bütün addımlar barədə Rusiyanı xəbərdar edir.
Maraqlıdır, belə bir addımın atılması nə qədər real görünür?
"Unikal"a açıqlama verən politoloq Elxan Şahin oğlun bildirir ki, belə bir ideyanın ortaya çıxması sadəcə olaraq Azərbaycanı şantaj etmək üçündür. Yəni Rusiya göstərir ki, razılaşma olmasa, belə bir addım da ata bilər. Amma politoloq hesab edir ki, Rusiyanın bu imkanı yoxdur: "Rusiyanın bu texnikanı Azərbaycandan çıxartması və Ermənistanda yerləşdirilməsi çox çətin olar. Ən azı, buna qoyulacaq xərc elə Azərbaycana verilə bilər. Digər tərəfdən Rusiyanın Ermənistana yaxın olan Krasnodar bölgəsində stansiyası var və Ermənistanda yeni stansiyanın quraşdırılması heç bir effekt verməyəcək".
Politoloq bunu da bildirir ki, əslində, bu gün yeni texnikalar çıxıb və Rusiyanın marağı budur ki, Qəbələni nəzarətində saxlasın və buranı yeni texnika ilə təhciz etsin.
Ümumiyyətlə, ekspertlərin fikrincə, Qəbələ RLS-in əsas gücü yerləşdiyi ərazi ilə bağlıdır. Yəni bu ərazi Rusiyaya imkan verir ki, Çini belə nəzarətdə saxlaya bilsin. Amma Ermənistanda bu, sadəcə, mümkünsüz olacaq.
Bəs belə olan təqdirdə Rusiya başqa hansı təsir imkanlarından yararlana bilər?
Ekspertlər düşünür ki, nəyin bahasına olursa-olsun, Rusiya stansiyanı mütləq əlində saxlayacaq. Ola bilər ki, 300 milyon dolları ödəyə bilmədiyindən başqa siyasi lobbiçilik təklifləri versin. Hətta bu məsələyə görə Qarabağ məsələsində də hansısa yeniliklər ola bilər. Amma ilk növbədə Rusiya, hələ ki, təzyiq dilində danışmağa çalışacaq. Yenə də sözsüz ki, Qarabağ kartından istifadə etməklə.
Bunu da qeyd edək ki, Lavrovun regiona səfərində bu detal açıq şəkildə göründü. Rusiya XİN-in şefi Ermənistanda bəyanat verərək bildirdi ki, Qarabağda yaşayan ermənilər öz talelərini həll etməlidir. Bu təsadüfən verilən bəyanat deyildi və hesab etmək olar ki, Rusiya bir müddət bu siyasi xətti gündəmə gətirəcək və Azərbaycanı güzəştə təhrik etməyə çalışacaq.
Amma bu da var ki, Azərbaycan artıq daha ciddi imkanlara sahibdir və regionda Rusiya üçün gerçək problemlər imkanına sahibdir. Ən azından, İsraillə olan əməkdaşlıq Rusiya üçün həyacanverici bir olay kimi qəbul olunmalıdır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49